ELM VƏ TƏHSİL
Turizm və Menecment Universitetində “Maliyyə savadlılığı” layihəsi çərçivəsində təlimlər yekunlaşıb
Bakı, 10 dekabr, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Biznes idarəçiliyi fakültəsi, Mərkəzi Bank və Azərbaycan Bank Tədris Mərkəzi tərəfindən ali təhsil müəssisəsində “Maliyyə savadlılığı” layihəsi çərçivəsində təşkil olunan təlimlər yekunlaşıb.
Bu barədə AZƏRTAC-a ATMU-dan məlumat verilib. Bildirilib ki, maarifləndirici təlimlər “Maliyyə savadlılığı nədir?”, “Mərkəzi Bankın Maliyyə savadlılığı portalı və elektron resurslar”, “Rəqəmsal ödənişlərdən istifadənin üstünlükləri”, “Asan kredit”, “İpoteka”, “Zaminlik”, “Neyromarketinq”, “İstehlak büdcəsi”, “Əmanətlərin sığortalanması” mövzularını əhatə edib. Təlimlər Mərkəzi Bankın əməkdaşları Vüsal Həsənov, Fərəh Əliyeva, Ülfət Yusifov, Pərvin Qəhrəmanova, Lamiyə Qaralova, Azərbaycan Bank Tədris Mərkəzinin əməkdaşları Rauf Ağayev, Ruqiyyə Hacızadə və 21 saylı Vəkillər Kollegiyasının vəkili Pərviz Hüseynov tərəfindən aparılıb.
Maarifləndirici təlimlərin sonuncu günü Biznes idarəçiliyi fakültəsinin fəal tələbələrinə Mərkəzi Bankın İstehlakçılarla iş departamenti tərəfindən xüsusi sertifikatlar və xatirə hədiyyələr təqdim olunub.