Turizm və Menecment Universitetinin əməkdaşı beynəlxalq təlim həftəsində iştirak edib





Bakı, 10 iyun, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) əməkdaşı Samir Məhərrəmov Rumıniyanın Aleksandru İon Kuza Universitetinin təşkilatçılığı və Avropa İttifaqının “Erasmus+” proqramı çərçivəsində keçirilən VII beynəlxalq təlim həftəsində iştirak edib.
Bu barədə AZƏRTAC-a ATMU-dan bildirilib.
Beynəlxalq təlim həftəsi “İş yerində Time Management”, “Stress Management”, “Effective Communication” və Aleksandru İon Kuza Universitetinin Bədən tərbiyəsi və idman fakültəsinin professoru Aleksandr Opeanın rəhbərliyi ilə “İdmanla streslə necə mübarizə aparmaq” mövzularını əhatə edib. Tədbir iştirakçıları UNESCO-nun siyahısına daxil edilən Rumıniyanın Probota monastırını, Yassı şəhərindəki Botanika bağını ziyarət ediblər.
Beynəlxalq təlim həftəsinə Avstriya, Fransa, Almaniya, Albaniya, Azərbaycan, Gürcüstan, Monteneqro, Türkiyə və digər ölkə universitetlərinin nümayəndələri qatılıb.
Sonda beynəlxalq təlim həftəsinin iştirakçılarına sertifikat verilib.