ELM VƏ TƏHSİL
Turizm və Menecment Universitetinin əməkdaşları Qazaxıstanda keçirilən tədbirlərdə iştirak ediblər
Bakı, 29 noyabr, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) bir qrup əməkdaşı Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Erasmus+” proqramının “PICASP” layihəsi çərçivəsində Qazaxıstanın Aktau və Almatı şəhərlərində keçirilən seminar və tədbirlərdə iştirak edib.
Universitetdən AZƏRTAC-a verilən məlumata görə, “PICASP”ın tərəfdaşları sayılan Qazaxıstanın Yessenov və Beynəlxalq Biznes universitetlərində adıçəkilən layihənin yekun konfranslarında ATMU-nun nümayəndələri universitet-sənaye əməkdaşlığının inkişafına dair müzakirələrdə xüsusi fəallıq göstəriblər.
ATMU əməkdaşları səfər çərçivəsində Qazaxıstanın Aktau şəhərindəki Mangistau Dövlət Tarix-Mədəniyyət Qoruğunu, Kızılkup və Bozyjra kimi məşhur turizm məkanları, o cümlədən Almatı şəhərindəki Qazaxıstan Dövlət Muzeyini ziyarət ediblər.
Qazaxıstana “Erasmus+”proqramı çərçivəsində səfər ATMU əməkdaşlarının beynəlxalq təcrübə müstəvisində fəaliyyətlərini təkmilləşdirməklə bərabər, Xəzər regionunda akademik əlaqələrin inkişafına və universitetin qlobal tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsinə töhfə verəcək.