CƏMİYYƏT
Türk Akademiyasının prezidenti: Türk dünyası ortaq əlifbasının hər bir hərfini və səsini müzakirə etməyə hazırıq
Bakı, 9 sentyabr, AZƏRTAC
Türk dünyasının ortaq əlifbasının bütün incəliklərini müzakirə etmək üçün toplaşmışıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri bazar ertəsi, sentyabrın 9-da Bakıda keçirilən Türk Dünyası Ortaq Əlifbası Komissiyasının üçüncü iclasında Türk Akademiyasının prezidenti Şahin Mustafayev deyib.
“Bu gün Türk Dünyası Ortaq Əlifba Komissiyasının üçüncü iclasında hər bir hərfi və səsi müzakirə etməyə hazırıq. Bunun üçün bütün texniki şərait də yaradılıb”, - deyə Ş.Mustafayev qeyd edib.
Akademik Türk dünyası üçün son dərəcə zəruri olan ortaq əlifbanın yaradılması məsələsinin bütün ziyalıların qarşısında mühüm vəzifə kimi durduğunu vurğulayıb. Onun sözlərinə görə, hazırda ortaq köklərə və mədəniyyətlərə bağlı olan türk xalqlarının sürətli inteqrasiyası dövründə onların ortaq əlifbaya malik olması son dərəcə vacibdir.
Türk Akademiyasının prezidenti əməkdaşlığın gücləndirilməsi üçün türk xalqlarının dillərinin yaxınlığının qorunub saxlanılmasının zəruriliyini də qeyd edib.