ŞƏRH
Türk Dövlətləri Təşkilatının qlobal güc mərkəzinə çevrilməsi heç bir şübhə doğurmur – deputat
Bakı, 8 noyabr, AZƏRTAC
Türk dünyasının dirçəlməsi, türkdilli dövlətlərin güclü ittifaq yaratmaları müasir zamanın irəli gəlir. Siyasi analitiklərin də proqnozlaşdırdığı kimi, XXI əsrdə dünyanın siyasi düzəni yenidən formalaşır. Tarixi ədalətin bərpası, yeni güc mərkəzlərinin meydana çıxması qaçılmaz prosesdir. Fəaliyyətləri daha çox müstəmləkəçilik, müharibə və iğtişaşlar üzərində qurulan, özündən zəifləri əzən ənənəvi siyasi birliklər artıq əvvəlki nüfuzlarını qoruyub saxlaya bilmirlər. Ölkələrin öz milli maraqlarını qorumaq, kənar təhdidləri dəf edərək müstəqil həyatını qura bilmək üçün alternativ birliklər yaratmaları müstəmləkə dövlətlərin kiçilərək öz coğrafi sərhədləri ilə kifayətlənmələrini gündəmə gətirir. Bu birliklərdən biri də Türk Dövlətləri Təşkilatıdır. Prezident İlham Əliyevin noyabrın 6-da Bişkekdə Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə çıxışı Türk dünyasının real güc mərkəzinə çevriləcəyini söyləməyə əsas verir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib. Deputat qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev “Bir millət, iki dövlət”, - dedikdə Türk dünyası üçün dövlət və milli coğrafi sərhədləri xatırladırdı. Prezident İlham Əliyev də andiçmə mərasimindəki çıxışı zamanı bəyan etdi ki, ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur: “Bu, Azərbaycanın xarici siyasi vektorlarını göstərən çox aydın çıxış idi. Türk dünyası ölkələri arasında əməkdaşlıq inkişaf edir. Prezident son iki ildə Qırğız Respublikasına üçüncü dəfə səfər etdi. Dövlətimizin başçısının xarici siyasəti türkdilli dövlətlərə səfərlərlə zəngindir. Qarşılıqlı səfərlər Türk Dövlətləri Təşkilatının gücünü daha da artırır. Bu il Türk Dövlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan Sazişinin 15-ci ildönümüdür. Naxçıvan Sazişi Türk Dövlətləri Təşkilatının əsasını qoydu. İyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verdi. Təşkilat getdikcə güclənərək proseslərə təsir imkanlarını artırır. İttifaqın inkişafında, güc mərkəzinə çevrilməsində Türkiyə və Azərbaycanın rolu çox böyükdür. Orta dəhliz olaraq türk dövlətlərini birləşdirmək, Şərqlə Qərb arasında iqtisadi əlaqələri genişləndirmək xətti Azərbaycandan keçir. Bu da ölkələrimizin gələcəyə strateji baxışının daha aydın olmasından, xarici siyasətin istiqamətlərinin dəqiqliyindən xəbər verir. Azərbaycanın xarici siyasət prioritetlərinin müəyyən edilməsi zamanı Türk dünyasının gücləndirilməsi, türk dövlətləri ilə əlaqələrin inkişafı prioritet istiqamət kimi müəyyənləşib”.
Mehriban Vəliyeva bildirdib ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatına maliyyə dəstəyi verməsi təşkilatın mövcud büdcəsinin qarşıya qoyulan hədəflərə çatmasına imkan yaradacaq: “Azərbaycanın Türk Dövlətləri Təşkilatının Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi göstərməsi təşkilatın potensialını daha da gücləndirəcək. Prezidentin də qeyd etdiyi kimi, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlıq türk dövlətlərini real güc mərkəzinə çevirir. Hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlıq böyük əhəmiyyət daşıyır. Türk dövlətlərinin hüquq-mühafizə və təhlükəsizlik orqanları arasında əməkdaşlıq daha da genişlənib. Birgə hərbi təlimlər, hərbi təhsil müəssisələrində qardaş ölkələrin müdavimlərinin təhsil alması qarşılıqlı etimadı və dostluğu daha da gücləndirir.
Şərq-Qərb nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisi üzrə daşımaların daha da artması isə türk dövlətlərinin iqtisadi əlaqələrinin genişləndiyini göstərir: “Prezident Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə bəyan etdi ki, Mərkəzi Asiya ölkələri ilə Türkiyəni Azərbaycan üzərindən bağlayan bu dəhlizin ötürmə qabiliyyətinin yüksəldilməsi üçün Azərbaycan öz sərmayələrini artırır. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin yanvar-sentyabr aylarında üzv və müşahidəçi dövlətlər ilə tranzit daşımalarının həcmində 15 faizə yaxın artım müşahidə edilir. Hazırda Orta Dəhlizin rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması istiqamətində bir sıra layihələr icra olunur. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Qarabağ məsələsində Azərbaycana dəstək vermələri, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstan dövlətlərinin azad olunmuş ərazilərdə qardaşlıq hədiyyəsi olaraq məktəb və yaradıcılıq mərkəzləri tikməsi dostluq və qardaşlıq münasibətlərini daha da gücləndirir. Bütün bunlar onu göstərir ki, yaxın gələcəkdə türk dövlətləri arasında bütün sahələr üzrə əlaqələr daha da güclənəcək, Türk Dövlətləri Təşkilatının fəaliyyəti qlobal xarakter daşıyacaq və bütün bunlar nəticə etibarı ilə Türk dünyasının böyüməsinə səbəb olacaq”.