TÜRKDİLLİ ÖLKƏLƏRİN XƏBƏR AGENTLİKLƏRİ BİRLİYİ BAŞ MƏCLİSİNİN VII İCLASININ BAKIDA KEÇİRİLMƏSİ ƏHƏMİYYƏTLİDİR
TKA Baş Məclisi VII iclasının iştirakçılarını Azərbaycan hökuməti adından salamlayan Prezidentin İcra Aparatının şöbə müdiri Əli Həsənov demişdir ki, türkdilli ölkələr müstəqilliklərini bərpa etdikdən sonra onların arasında müxtəlif səviyyələrdə əlaqələr yaranmış və inkişaf edir. Bu münasibətlərin baş strategiyasını türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşü müəyyən edir. Bu görüşlərdə qəbul edilən qərarlar bizim fəaliyyətimizə istiqamət verir. Türkdilli ölkələrin dövlət başçılarının növbəti zirvə görüşü bu ilin iyununda Bakıda keçiriləcəkdir.
Şöbə müdiri bildirmişdir ki, eyni kökə malik olan xalqlarımız arasında münasibətlər təkcə dövlət səviyyəsində deyil, eləcə də digər sahələrdə də inkişaf edir və bu sevindirici haldır.
İnformasiya agentliklərinin hər ölkənin xaricə açılan qapısı olduğunu vurğulayan Əli Həsənov Türkdilli Ölkələrin Xəbər Agentlikləri Birliyinin yaranmasının xalqlarımız arasında əlaqələrin inkişafı baxımından səmərəsini, Baş Məclisin VII iclasının Bakıda keçirilməsinin əhəmiyyətini vurğulamışdır.
Hər bir ölkənin qarşısında duran vacib məsələlərin olduğunu deyən Ə.Həsənov bildirmişdir ki, bununla yanaşı, bizim ortaq məsələlərimiz də vardır. Birgə mənafelərimizin işıqlandırılması baxımından türkdilli ölkələrin xəbər agentliklərinin əməkdaşlığı vacibdir.
Qloballaşan dünyada informasiyanın bütün proseslərin önündə dayandığını vurğulayan Ə.Həsənov iclasın işinə uğurlar arzulamış, ümidvar olduğunu bildirmişdir ki, qəbul ediləcək qərarlar türkdilli ölkələrin xəbər agentlikləri arasında əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcəkdir.