SİYASƏT
Türkiyə-Azərbaycan əlaqələrinə həsr olunmuş konfrans keçirilmişdir
İstanbul, 30 dekabr (AZƏRTAC). Türkiyənin Məhmət Akif Universitetində “Türkiyə-Azərbaycan əlaqələri dünəndən bu günə” mövzusunda konfrans keçirilmişdir.
Azərbaycan və Türkiyə şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edildiyi konfransda dosent Esme Özdaşlı və Türk Strateji Araşdırmalar Mərkəzinin eksperti Əhməd Şahidov Ermənistanın Azərbaycana qarşı təcavüzü və erməni lobbisinin Türkiyə əleyhinə fəaliyyətindən bəhs etmişlər. İki qardaş ölkənin erməni təbliğatı və onların havadarlarına qarşı birgə mübarizəsi, XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının dünyada tanıdılması sahəsində qarşıda duran vəzifələrdən də danışan natiqlər bildirmişlər ki, qondarma “erməni soyqırımı”nın bədnam yubileyi ərəfəsində saxta iddialara layiqli cavab verilməlidir.
Konfrans iştirakçıları Heydər Əliyev Fondunun Xocalı soyqırımı haqqında hazırladığı sənədli filmə tamaşa etmişlər.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul