İDMAN
Türkiyə bayrağı altında dünya və Avropa çempionu olan azərbaycanlı: Vətənimə qayıdıb məşqçi işləmək istəyərəm – MÜSAHİBƏ
Bakı, 25 noyabr, AZƏRTAC
Türkiyə yığmasının heyətində dünya və Avropa çempionu olmuş Azərbaycan əsilli keçmiş atlet Ramil Quliyev AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:
- Bir müddət öncə karyeranızı bitirdiniz. Bu qərarı verməyinizə nə səbəb oldu?
-Təəssüf ki, pandemiyadan sonra əvvəlki formama qayıda bilmədim. Buna görə də karyeramı bitirmək qərarına gəldim. Çünki iki dəfə virusa yoluxmuşdum. Əsas səbəb səhhətimlə bağlı oldu. Əgər eyni səviyyədə çıxış edə bilmirsənsə, karyeranı davam etdirmək çətindir.
- Lakin ehtiyac duyulacağı halda karyeranızı bərpa edəcəyinizi demisiniz...
- Bəli, əgər ehtiyac yaranarsa, 4x100 metr estafet yarışında komandaya kömək etmək üçün karyeramı bərpa etməyə hazıram. Bu sahədə böyük təcrübəm var və illər ərzində milli komandada yarışmışam. Düşünürəm ki, yığmanın uğurunda pay sahibi ola bilərəm.
- Maraqlıdır, karyeranızı bərpa etsəniz, Azərbaycan bayrağı altında yarışlara qatılmaq istəyərsiniz?
- Təəssüf ki, artıq mümkün deyil. Çünki keçid müddəti 3 ilə qədər uzadılıb və başqa komanda ilə yarışmağa başlamazdan əvvəl 3 il böyük beynəlxalq yarışlarda iştirak etməməlisən. Bu, çox uzun müddətdir. Bildiyimə görə, Azərbaycanda 4x100 metr məsafəyə estafet komandası da yoxdur.
- Karyeranız ərzində indiyədək unuda bilmədiyiniz yarış hansı olub?
- Elə yarışlar var ki, onları bəzən xatırlayıram. Bunlar 2017-ci və 2018-ci illərin dünya və Avropa çempionatlarıdır. Bu iki böyük yarışda mən peşəkar idmançı olaraq özümü göstərməyə nail oldum və yüksək nəticələr əldə etdim.
- Yəqin ki, yarışlar zamanı başınıza maraqlı hadisələr də gəlib…
- Maraqlı və gülməli hallar çox olurdu. Xüsusilə rəqibin gözləmədiyi halda finişə lap az qalmış onu ötüb keçəndə… Çox vaxt son anlarda qələbə əldə edirdim və bu, həmişə sürpriz olurdu. Mənim qaçış taktikam həmişə son mərhələdə sürətimi artırmaq idi. Çox vaxt son saniyələrdə rəqiblərimi keçirdim və onlar qalib gəldiklərini düşünüb sevinirdilər. Sonra isə ikinci olduqlarını öyrənirdilər. Buna görə də bütün məşqçilər həmişə deyir ki, yalnız finiş xəttini keçəndən sonra sevinmək olar.
- Rusiyalı atlet Yekaterina Quliyeva ilə ailə həyatı qurmusunuz. O da sizin kimi Türkiyə millisini seçdi. Bu, sizin təkidinizlə, yoxsa xanımınızın öz istəyi ilə reallaşdı?
- Bu qərar həyat şəraitinə görə verildi, çünki biz Türkiyədə yaşayırıq. Türkiyə Yekaterinanın burada yarışmağını istədi, biz də razılaşdıq. Həyat yoldaşım Rusiyada sanksiya ilə üzləşdiyi üçün beynəlxalq yarışlarda iştirak edə bilmirdi. Türkiyə millisində çıxış etmək isə onun özünü beynəlxalq arenada göstərməsi üçün yaxşı fürsət idi.
- Həyat yoldaşınızla aranızda idmanla bağlı hər hansı rəqabət varmı?
- Biz fərqli kateqoriyalarda yarışırdıq. Mən sprintdə, o isə orta məsafəyə qaçışda çıxış edirdi. Buna görə də rəqabətimiz olmur (gülür). Ümumiyyətlə, hər zaman bir-birimizə dəstək oluruq. Xanımımla çox yaxşı anlaşırıq.
- Zədə səbəbindən "Paris-2024" Yay Olimpiya Oyunlarında iştirak edə bilmədiniz. Bu, karyeranıza necə təsir etdi?
- Təəssüf ki, sağlamlığıma görə hazırlığımı istədiyim şəkildə davam etdirə bilmədim. Olimpiadaya son anda düşə bilmədim. Ümumiyyətlə, mövsüm mənim üçün yaxşı alınmadı. Əksər yarışlarda, iştirak etdiyim tədbirlərdə hava şəraitinin pis olması, kiçik zədələr və digər amillər mənə mane olurdu. Həm də bu il mənim çıxış etdiyim 200 metr məsafəyə yarışlar əvvəlki illərlə müqayisədə daha az oldu.
- Azərbaycana qayıtmaq və məşqçi kimi fəaliyyət göstərmək kimi planınız varmı?
- Hazırda belə təklif almamışam, amma Azərbaycandan dəvət olarsa, şübhəsiz ki, bunu nəzərdən keçirərəm. Əgər razılığa gələ biləriksə, doğma Vətənimə qayıdıb, məşqçi və ya başqa bir vəzifədə fəaliyyət göstərmək istəyərəm.