Türkiyə bu il 52,1 milyard kubmetr təbii qaz istehlak edəcək
Bakı, 26 yanvar, AZƏRTAC
Türkiyənin cari ildə 52,1 milyard kubmetrdən çox təbii qaz istehlak edəcəyi proqnozlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb. Bildirilir ki, 2019-cu ildə ölkədə 52 milyard 133,2 milyon kubmetr (554 milyard 697,5 milyon kilovat/saat) qaz istehlak olunacaq. Hesablamada təbii qazın 9 min 155 kubmetr olan kalori/kubmetr dəyəri əsas götürülüb.
Qeyd edək ki, Türkiyə təbii qazı ən çox Rusiyadan olmaqla, Azərbaycan və İrandan idxal edir. 2018-ci ildə Türkiyəyə 7 milyard 225 milyon kubmetr Azərbaycan qazı ixrac olunub. Əvvəlki illə müqayisədə qardaş ölkəyə təbii qaz ixracı 925 milyon kubmetrədək çoxalıb.
Azərbaycan təbii qazı Türkiyəyə Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri - CQBK) və TANAP boru kəmərləri ixrac edilir. 2006-cı ilin sonlarında istismara verilən CQBK hazırda Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” qazını çatdırır. TANAP-la qaz kəməri ilə Türkiyəyə ilk qaz həcmlərinin nəqli isə planlaşdırıldığı kimi ötən il iyunun 30-da başlayıb. Bu vaxtadək TANAP-la Türkiyəyə 1 milyard kubmetr Azərbaycan qazı nəql edilib.