Türkiyə, Gürcüstan, Ukrayna və Əfqanıstandan olan müharibə veteranları Xırdalanda
Xırdalan, 17 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Xırdalan şəhəri Heydər Əliyev Mərkəzində Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Abşeron filialının təşkilatçılığı ilə keçirilən "Qəhrəmanlar unudulmur" adlı tədbirdə Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna və Əfqanıstandan olan müharibə veteranları, həmçinin rayonda fəaliyyət göstərən digər ictimai birlik və təşkilatların üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, qonaqlar əvvəlcə şəhərin Heydər parkını gəzib, burada yerləşən möhtəşəm Heydər Əliyev Mərkəzi ilə tanış olublar.
Mərkəzin akt zalında keçirilən tədbir ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş mərd oğulların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Azərbaycanın, Türkiyənin, Gürcüstanın, Ukraynanın, Əfqanıstanın dövlət himnləri səsləndirilib və dövlət bayraqları səhnəyə gətirilib.
Qarabağ qazisi Rövşən Quliyev təşkilatçılar adından qonaqları salamlayıb, qarşıdan gələn Novruz bayramı münasibətilə təbdir iştirakçılarını təbrik edib.
Tədbirdə çıxış edən Qarabağ qaziləri keçdikləri döyüş yolundan, göstərdikləri qəhrəmanlıqdan danışaraq, xatirələrini bölüşüblər.
Vurğulanıb ki, tədbirin məqsədi Vətən uğrunda döyüşlərdə şücaət göstərmiş Milli qəhrəmanların, mərd döyüşçülərin, igid gənclərin tanıdılması, onların şərəfli ömür yolunu, göstərdiyi müstəsna xidmətləri təbliğ etməkdən ibarətdir.
İştirakçılar ordu quruculuğundan bəhs edən film izləyiblər.
Görüşdə tanınmış incəsənət ustalarının iştirakı ilə rəngarəng musiqi nömrələri səslənib, hərbi vətənpərvərlik mahnıları ifa olunub.