SİYASƏT
Türkiyə ilə təhsil sahəsindəki əməkdaşlıq Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir
Bakı, 26 may (AZƏRTAC). Türkiyə ilə təhsil sahəsindəki əməkdaşlığımız böyük əhəmiyyət kəsb edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Qənirə Paşayeva Türkiyənin İstanbul Bilgi Universitetinin rektoru, professor Ramzi Sanver ilə görüşündə demişdir.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında bütün istiqamətlərdə olduğu kimi, təhsil sahəsində də sıx əməkdaşlıqdan danışan, Q.Paşayeva bu əlaqələrin ildən-ilə genişləndiyini və bunun mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır.
Deputat ulu öndər Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir” kəlamını xüsusi qeyd edərək, Azərbaycan universitetlərinin Türkiyənin ali təhsil müəssisələri ilə əməkdaşlığının getdikcə daha da genişlənməsinin vacibliyini qeyd etmişdir.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan Q.Paşayeva işğal edilmiş ərazilərimizdə törədilən vandalizm aktları, soyqırımılar, həmçinin BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin Ermənistan tərəfindən yerinə yetirilməməsi və bu istiqamətdə son vəziyyət barədə də rektora ətraflı məlumat vermişdir.
R.Sanver də Azərbaycandakı ali təhsil müəssisələri ilə əməkdaşlıq etmək niyyətində olduqlarını, bunun iki ölkə arasında əlaqələrin daha da gücləndirilməsinə təkan verəcəyini demişdir.
Sonda Q.Paşayeva R.Sanverə Azərbaycan həqiqətlərinə, mədəniyyətinə, tarixinə dair tədqiqatçı-publisist Azər Turan ilə həmmüəllifi olduğu “Əlibəy Hüseynzadə Turan”, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı ilə birgə yazdığı “Ermənilərin törətdiyi soyqırımın qurbanı - Bağanıs Ayrım” və Azərbaycanın Qarabağ icmasının üzvü Həvva Məmmədova ilə birgə hazırladığı “Xocalı soyqırımı: Şahidlərin dilindən” kitabları təqdim etmişdir.