Türkiyə ordusu son bir həftə ərzində Suriya və İraqda 56 terrorçunu məhv edib

Ankara, 13 fevral, AZƏRTAC
Türkiyə ordusu son bir həftə ərzində Şimali İraqda və Suriyada 56 terrorçunu zərərsizləşdirib. İlin əvvəlindən Türkiyə Silahlı Qüvvələri tərəfindən bölgədə məhv edilən yaraqlıların ümumi sayı 377-yə çatıb. Onların əksəriyyəti (243 terrorçu) Suriya ərazisində zərərsizləşdirilib.
Bu barədə AZƏRTAC-a cümə axşamı, fevralın 13-də Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat verilib.
Nazirliyin məlumatına görə, həftə ərzində Türkiyənin dövlət sərhədini 1799 qanunsuz keçmə cəhdinin qarşısı alınıb, 4-ü terror təşkilatının üzvü olmaqla 140 sərhəd pozucusu saxlanılıb.
Müdafiə Nazirliyi terrorla mübarizəni davam etdirmək və Türkiyə sərhədlərini qorumaq əzmində olduğunu vurğulayaraq bildirib ki, yerli istehsal olan yeni silah növləri də ordunun arsenalına verilib.
Ankara Türkiyənin Dəməşqdəki səfirliyinə tezliklə hərbi attaşe təyin ediləcəyini də açıqlayıb.
Ankara