DÜNYA
Türkiyə Prezidenti: “Taxıl dəhlizi” vasitəsilə bu günədək səkkiz milyon ton məhsul daşınıb

İstanbul, 21 oktyabr, AZƏRTAC
Qara dəniz taxıl dəhlizi təşəbbüsü çərçivəsində bu günədək 363 gəmi vasitəsilə səkkiz milyon ton taxıl və digər ərzaq məhsulları dünya bazarlarına çıxarılıb.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəmizə səfərdən geri dönərkən mediaya açıqlamasında bildirib.
Ukrayna limanlarından daşınan yüklərin 62 faizinin Avropa, 19,5 faizinin Asiya, 13 faizinin Afrika, 5,3 faizinin isə Yaxın Şərq ölkələrinə çatdırıldığını deyən Türkiyə Prezidenti bildirib ki, ən az inkişaf etmiş ölkələrə 454 min 626 ton buğda göndərilib. Bu da ümumi miqdarın cəmi 5,7 faizini təşkil edir. Bunların arasında qarğıdalı, buğda, günəbaxan yağı, kimi məhsullar əsas yer tutur. Bu məhsulların ümumilikdə payı təxminən 96 faizdir. “Göndərmə müqaviləsinin uzadılmasında heç bir maneə yoxdur. Bunu Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşlərimdə bir daha anladım. Yaranabiləcək problemləri aşmaqda bizim üçün heç bir maneə yoxdur”, - deyə Türkiyə Prezidenti əlavə edib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul