TÜRKİYƏDƏ CÜMHURİYYƏTİN ELAN OLUNMASININ 80-Cİ İLDÖNÜMÜ QEYD OLUNDU
Rəsmi bayram tədbirləri səhər Ankarada başlandı. Türkiyə Respublikasının Prezidenti Əhməd Necdət Sezər, Baş nazir Rəcəb Tayyib Ərdoğan, Böyük Millət Məclisinin sədri Bülənd Arınc, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Hilmi Özkök, nazirlər, millət vəkilləri, siyasi partiyaların rəhbərləri Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün məqbərəsini ziyarət edərək, ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla andılar.
Sonra Türkiyə Respublikasının dövlət və hökümət başçıları Ankaranın Atatürk Mədəniyyət Mərkəzi qarşısındakı meydana gəldilər. Burada Respublikanın elan edilməsinin 80-ci ildönümü ilə əlaqədar hərbi parad, vətəndaşların bayram nümayişi keçirildi, idmançıların hazırladıqları proqram göstərildi. Hər zaman olduğu kimi, “Türk ulduzları” eskadrilyasının nümunəvi uçuşları böyük maraqla qarşılandı.
Ankaradakı təntənəli bayram tədbirləri Ginnesin dünya rekordlar kitabına da daxil olmuşdur. Belə ki, Türk Hava Qurumunun Paraşüt məktəbinin nümayəndəsi üç min metr hündürlükdə təyyarədən
tullanaraq, sahəsi 433,5 kvadratmetr, çəkisi 30,5 kiloqram olan bayrağı bir neçə dəqiqə səmada dalğalandırmışdır.
Bayram münasibətilə Ankaranın bir çox yerində bədii-musiqili əyləncə proqramları təşkil olunmuşdur. Axşam Çankaya Prezident iqamətgahında dövlət başçısı Əhməd Necdət Sezər adından rəsmi ziyafət verilmişdir.
Bayram şənlikləri İstanbulda da təntənəli keçmişdir. Burada rəsmi bayram tədbirləri İstanbulun Taqsim meydanında, Atatürkün heykəli önündə başlandı. Daha sonra Vətən prospektində hərbi nümayiş keçirildi. İstanbul bayram şənliklərində də ən çox diqqəti çəkən Türkiyə bayrağı idi. İstanbulun Şişli rayonu bələdiyyəsi bayram nümayişi üçün dünyada hələlik ən uzun bayraq hazırlamışdı. Bu bayrağın uzunluğu 3500 metr, eni isə 4,5 metr idi. Onun tikilməsi üçün 10,5 min metr parçadan istifadə olunmuşdur. Bayraq üç ay ərzində 80 dərzi tərəfindən tikilmiş və bayram günü yüzlərcə vətəndaş tərəfindən daşınmışdır.