Türkiyəli ekspert: Ermənistan USAID və Aİ-nin köməyinə deyil, qonşularla sağlam münasibətlərə güvənməlidir

Ankara, 25 mart, AZƏRTAC
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) xarici dövlətlərə ayırdığı yardımların 90 faizindən çoxunun dondurulması Ermənistanda ciddi narahatlıq doğurub. Təşkilat 2024-cü ilin sentyabrında İrəvana 20,6 milyon dollar dəyərində yeni maliyyə paketinin ayrılacağı elan etsə də, bu, hələ də reallaşmayıb.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Ankara Avrasiya Araşdırmaları Mərkəzinin (AVİM) şərhçisi Selenay Erva Yalçın söyləyib.
Onun sözlərinə görə, Azərbaycan və Türkiyə ilə iqtisadi əlaqələrin olmaması Ermənistanın inkişafını ciddi şəkildə ləngidir, bu isə İrəvanı xarici maliyyə mənbələri axtarmağa məcbur edir. S.E.Yalçın qeyd edib ki, uzun müddət ərzində Ermənistan üçün ən böyük yardım mənbəyi erməni diasporunun fəal olduğu ABŞ-dakı müxtəlif proqramlar və fondlar olub.
AVİM-in şərhçisi USAID-in İrəvandakı ofisinin ABŞ-dakı baş qərargaha “Ermənistan əhalisinə humanitar yardımın davam etdirilməsi” ilə bağlı müraciət etdiyini diqqətə çatdırıb. Lakin Ağ Ev rəhbərinin USAID-ə qarşı sərt münasibəti erməni ofisinin müraciətini faydasız edir. “Ağ Ev hazırkı ABŞ administrasiyasının Ermənistanla bağlı siyasətinin Co Bayden dövründəki siyasətdən fərqli olacağını açıqlayıb”, - deyə ekspert vurğulayıb.
O, USAID-in dünyada müxtəlif ölkələrdəki təbliğat fəaliyyətlərində böhran yaşadığını da qeyd edib.
“Bu cür böhranlardan biri də uzun müddət erməni diasporunun ideyalarını təbliğ edən “Azad Avropa” radiosudur”, - deyə türkiyəli ekspert bildirib və əlavə edib ki, belə media qurumları bölgədə sülhə, ikitərəfli dialoq perspektivlərinə ciddi ziyan vurur.
Ekspert Avropa İttifaqının Cənubi Qafqazda sabitlik və inkişafın təmin edilməsinə deyil, erməni diasporunun maraqlarına üstünlük verən siyasətini də tənqid edərək deyib: “Nəticədə Aİ xətti ilə Cənubi Qafqaza, xüsusən də müdafiə sahəsində göstərilən yardımlar əsasən Ermənistana yönəlib. Buna görə də İrəvan Aİ ölkələrinin maliyyə mexanizmlərindən fəal şəkildə istifadə edir”.
Onun sözlərinə görə, İrəvan Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın USAID tərəfindən maliyyələşdirilən layihələrin dayandırılmasının qrant proqramları ilə tam olaraq kompensasiya edilə bilməyəcəyi barədəki açıqlamasını analiz etməlidir.
“Ermənistan anlamalıdır ki, ölkənin iqtisadi inkişafı üçün ən sağlam mənbə Qərbin yardımları deyil, qonşularla münasibətlərin yaxşılaşdırılması olacaq. Lakin İrəvanın bu istiqamətdəki təşəbbüsləri ləngiyir ki, bu da Ermənistanı çətin günlərin gözlədiyini göstərir”, - deyə AVİM eksperti fikirlərini yekunlaşıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara