DÜNYA
Türkiyəli nazir: Təqribən 50 min şəhid ailəsi üzvü və qazi dövlət strukturlarında işlə təmin olunub
Ankara, 16 sentyabr, AZƏRTAC
Şəhidlərin doğmaları və yaxınları, həmçinin qazilər və onların ailə üzvlərindən ibarət 729 nəfərdən ibarət növbəti qrup Türkiyənin dövlət qurumlarında işlə təmin ediləcək. Təyinatlar sentyabrın 18-də olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin ailə məsələləri və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş məlumat verib.
Onun sözlərinə görə, indiyədək ölkənin dövlət sektorunda 50 minədək şəhid ailəsinin üzvləri və qazi işlə təmin olunub.
Nazir xatırladıb ki, hər il sentyabrın 19-da ölkədə Qazilər Günü qeyd olunur. O əlavə edib: “Bu ərəfədə Türkiyədə 729 nəfərdən ibarət daha bir qrup dövlət qurumlarında işlə təmin olunacaq. Bu, bizim şəhid olan qəhrəmanların, eləcə də qazilərin qarşısında borcumuzdur”.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara