ELM VƏ TƏHSİL
Türkiyəli professor Azərbaycan Universitetinin tələbələrinə mühazirə oxuyub
Bakı, 29 noyabr, AZƏRTAC
Türkiyənin Kastamonu Universitetinin professoru Hasan Sacit Keseroğlu Azərbaycan Universitetinin Humanitar və sosial elmlər fakültəsinin tələbələrinə mühazirə oxuyub. Fakültənin Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü ilə təşkil olunan mühazirə “Fəlsəfə və elmi biliyin vəhdəti” mövzusuna həsr olunub.
Bu barədə AZƏRTAC-a Azərbaycan Universitetindən məlumat verilib.
Mühazirə insanın yaranması prosesi və təkamül hipotezi, təkamül prosesində dilin formalaşması və inkişafı, dünya haqqında fantastik təsəvvürlərin formalaşması, dünyanın ilk fəlsəfi görüşü sayılan mifologiyanın ortaya çıxması və ibtidai cəmiyyətin həyatında yerinə yetirdiyi funksiya, miflərin və dinlərin yaranması, ictimai şüurun inkişafı kimi mövzuları əhatə edib. Qeyd olunub ki, mifologiya şüur və elm ilə sıx əlaqədardır. İnsan yaradıcılığının bütün formaları, həm fəlsəfi düşüncə, həm də elmlər mifik dünyagörüşündən meydana gəlib.
Qonaq professor sonda mövzuya dair ona ünvanlanan çoxsaylı sualları cavablandırıb.