İQTİSADİYYAT
Türkiyənin “Pegasus” aviaşirkətinin Azərbaycana uçuşlar həyata keçirməsinə razılıq verilib
Bakı, 27 avqust, AZƏRTAC
Türkiyənin “Pegasus” aviaşirkəti Azərbaycana uçuşları həyata keçirmək üçün ölkəmizdən icazə istəyib.
“Azərbaycan Hava Yolları” QSC-dən AZƏRTAC-a bildirilib ki, İstanbul-Qəbələ-İstanbul marşrutu üzrə aviareyslərin həyata keçirilməsi üçün razılıq verilib və “slotlar” təsdiq edilib. Bu marşrut üzrə uçuşların başlama tarixi ilə bağlı qərarı Türkiyə verəcək. Türk aviadaşıyıcılarından birinin cari ilin qış mövsümündə Lənkəran şəhərinə aviareyslər həyata keçirməsi də istisna edilmir.
Qeyd edək ki, müntəzəm reyslər iki ölkə arasında hökumətlərarası sazişlərlə təsdiqlənir. Azərbaycan və Türkiyə mülki aviasiya orqanları arasında müvafiq saziş 2014-cü ilin noyabrında imzalanıb və sazişin bütün şərtlərinə hər iki tərəfdən riayət olunur.
Hazırda AZAL şirkəti Bakıya, Gəncəyə və Naxçıvana uçuşlar həyata keçirən “Türk Hava Yolları” ilə sıx əməkdaşlıq edir.