DÜNYA
Türkmənistan mineral gübrə ixrac edən ölkələr sırasına qoşulmaq niyyətindədir
Aşqabad, 19 avqust (AZƏRTAC). Türkmənistanın Balkan vilayətinin Qaraboğaz şəhərində karbamid istehsal edəcək zavodun Prezident Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə təməlqoyma mərasimi keçirilib.
Mərasimdə iştirak edən Azərbaycanın Türkmənistandakı səfiri Vəhdət Sultanzadə jurnalistlərə müsahibəsində zəngin təbii sərvətlərə malik Azərbaycanın və Türkmənistanın bu sərvətlərdən öz xalqları ilə yanaşı, bütün bəşəriyyətin rifahı üçün istifadə edilməsi naminə göstərilən səyləri qeyd edib. Səfir Azərbaycan və Türkmənistan prezidentlərinin apardıqları siyasət nəticəsində hər iki ölkənin dünya iqtisadi əməkdaşlıq və enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş kimi tanınmasının fərəh doğurduğunu bildirib.
Bu layihənin həyata keçirilməsi nəticəsində Türkmənistanda istehsal edilən azot gübrəsinin illik həcminin 2 milyon tondan artıq olacağı gözlənilir. Yeni müəssisənin illik istehsal gücü 1 milyon 155 min ton, gündəlik ammiak istehsalı gücü 2 ton olacaq.
Türkmənistanın Xəzər dənizi sahilində yerləşən Qaraboğaz şəhərində bu müəssisənin tikintisi istehsal olunacaq məhsulun dünya bazarlarına daha rasional ixracı üçün əlverişli imkan yaradır. Zavodun anbarlarından karbamid gübrəsinin germetik konveyerlər vasitəsilə dəniz limanına, daha sonra isə gəmilər vasitəsilə Xəzər dənizi üzərindən xarici ölkələrə çatdırılması planlaşdırılır.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad