DÜNYA
TÜRKMƏNİSTAN VƏ TACİKİSTAN PREZİDENTLƏRİNİN GÖRÜŞÜNDƏ ƏLAQƏLƏRİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÜZAKİRƏ EDİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Tacikistan Prezidenti Emoməli Rəhmon Türkmənistanda rəsmi səfərdədir. Emoməli Rəhmonun Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşündə nəqliyyat, energetika, humanitar sahələrdə ikitərəfli əlaqələrin inkişafı məsələləri müzakirə edilmiş, regionda təhlükəsizliyin və sabitliyin qorunması diqqət mərkəzində olmuşdur.
Türkmənistandan Tacikistana verilən elektrik enerjisini bərpa etdiyinə görə Qurbanqulu Berdiməhəmmədova təşəkkürünü bildirən Emoməli Rəhmon onun ölkəsinin neft məhsulları, sıxılmış qaz və digər ilkin tələbat məhsullarına ehtiyacı olduğunu bildirmişdir. Emoməli Rəhmon qeyd etmişdir ki, Tacikistan Türkmənistan Prezidentinin təşəbbüsü ilə inşa olunan şimal-cənub nəqliyyat dəhlizi vasitəsilə alüminium və digər məhsulların dünya bazarına çıxarılmasında da maraqlıdır.
Danışıqların yekunu kimi ölkələr arasında əməkdaşlığın dərinləşdirilməsi ilə əlaqədar bir sıra sənədlər imzalanmışdır.