DÜNYA
Türkmənistanda prezident seçkiləri ilə bağlı erkən səsvermə keçirilir

Aşqabad, 3 mart, AZƏRTAC
Türkmənistana dəvət olunmuş MDB-dən olan müşahidəçilər missiyası martın 12-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Aşqabaddakı seçki məntəqələrində olub. Ölkədə 2500–dən çox seçki məntəqəsi və xarici diplomatik nümayəndəliklərdə 41 məntəqə yaradılıb.
Artıq seçkilərlə bağlı erkən səsvermə başlayıb. Səsvermədə seçkilər günü yaşayış yerində ola bilməyən seçicilər iştirak edirlər.
Xatırladaq ki, Türkmənistanın Seçki və Referendum üzrə Mərkəzi Komissiyasında 9 namizəd qeydə alıb. Onlardan 3 nəfəri siyasi partiyalar, 6 nəfəri isə vətəndaşların təşəbbüs qrupu tərəfindən irəli sürülüb.
Türkmənistanda prezidentliyə siyasi partiyalardan namizədlər - Nazirlər Kabineti sədrinin müavini Sərdar Berdımuhammedov (Demokrat Partiyası), Marı vilayəti başçısının müavini Ağacan Bəymıradov (Aqrar partiya), “Vepaly gurluşyk” təsərrüfat Cəmiyyətinin direktoru Babamırat Meredovdur (Sənayeçilər və sahibkarlar Partiyası).
Vətəndaşların təşəbbüs qruplarından isə Lebap maliyyə-iqtisadi həmkarlar məktəbinin direktoru Perxat Begencov, Balkan regionu "AVAZA" sanatoriyasının baş həkimi Berdiməmməd Qurbanov, Ahal vilayətinin Babadayxan Rayon SES–in rəisi Maksatmırat Ovezgeldiyev, Marı Dövlət Energetika İnstitutunun Elmi-İstehsalat Mərkəzinin direktoru Kakageldi Sarıyev, Türkmənistan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunun (Aşqabad) prorektoru Xıdır Nunnayev, Türkmənistan Demokratik Partiyasının Saparmırat Türkmənbaşı vilayət Komitəsinin sədri Maksat Odeşov prezident seçkilərində mübarizə aparacaq.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad