Türkmənistanlı diplomat Bakı Mühəndislik Universitetində təhsil alan türkmən tələbələrlə görüşüb
Xırdalan, 5 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Türkmənistanın ölkəmizdəki səfirliyinin birinci katibi Ovəzgəldi Cümənəzərov Bakı Mühəndislik Universitetində (BMU) olub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, qonağı qəbul edən rektor, professor Havar Məmmədov rəhbəri olduğu ali təhsil ocağının fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, Bakı Mühəndislik Universiteti kampus şəklində fəaliyyət göstərir. Universitet kampusunda tədris binaları ilə yanaşı, oğlan və qızlar üçün müasir tipli tələbə yataqxanaları mövcuddur. Universitetdə kadr hazırlığını həyata keçirən ixtisasların əksəriyyətinin ingilis dilində olduğunu bildirən rektor, BMU-da xarici əlaqələr üzrə işin yüksək səviyyədə qurulduğunu diqqətə çatdırıb.
Səmimi qəbula görə rektora təşəkkür edən O.Cümənəzərov BMU-da təhsil alan türkmənistanlı tələbələrin də universitetdə olan təhsil mühitindən və tədrisin keyfiyyətindən razı qaldıqlarını vurğulayıb.
Sonda qonaq BMU-da təhsil alan türkmən tələbələrlə görüşüb.