SİYASƏT
TÜRKSOY-un Baş katibi: TDT-nin üzvləri kosmos sahəsində birgə əməkdaşlığa böyük əhəmiyyət verir

Bakı, 1 oktyabr, AZƏRTAC
Bütün dünya ölkələri kosmosun imkanlarından bərabər istifadə etməlidir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Beynəlxalq Türk Mədəniyyət Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Raev Beynəlxalq Astronavtika Federasiyasının (IAF) oktyabrın 1-də Bakıda keçirilən Nazirlər və parlament üzvləri üçün 13-cü toplantısında deyib.
İnsanların rifah halının yaxşılaşdırılması, müəyyən problemlərin həlli istiqamətində kosmik fəzanın imkanlarından istifadə edilməsinin vacibliyini vurğulayan S.Raev bildirib ki, bu sahə kənd təsərrüfatının inkişafı, təbii sərvətlərin istifadə olunmasına töhfələr verə bilər.
O, bu sahənin, xüsusilə, inkişaf etməkdə olan ölkələr üçün əhəmiyyətini qeyd edib.
“Türk Dövlətləri Təşkilatı (TDT) üzv ölkələr arasında kosmos sahəsində birgə əməkdaşlığa çox böyük əhəmiyyət verir. Düşünürəm ki, çoxşaxəli problemlərin həlli istiqamətində bu, önəmlidir”, - deyə TÜRKPA-nın Baş katibi bildirib.
Sultan Raev bu istiqamətdə TÜRKPA-nın öz dəstəyini əsirgəməyəcəyini də qeyd edib.