“TÜV-SÜD”ÜN “AZKOMPOZİT” MÜƏSSİSƏSİNDƏ APARDIĞI AUDİT ALMAN ŞİRKƏTİNİN AZƏRBAYCANDA HƏYATA KEÇİRDİYİ İLK LAYİHƏDİR
AZƏRTAC xəbər verir ki, mayın 1-də “Avropa” mehmanxanasında “Azkompozit” müəssisəsinə Almaniyanın “TÜV-SÜD” şirkətinin İSO 9001 standartı üzrə uyğunluq diplomunun təqdimetmə mərasimi keçirilmişdir.
Mərasimdə Keyfiyyət Assosiasiyasının prezidenti Samir Novruzlu son illər ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar və “Azkompozit” firmasında bu istiqamətdə görülən işlər barədə məlumat vermişdir.
“Azkompozit” müəssisəsinin direktoru Rəsul Baxşəliyev müəssisədə şüşə lifli plastik boruların istehsalı, həmçinin burada texnoloji xətlərin Avropa mənşəli müasir tipli avadanlığın bazası əsasında yaradılması barədə danışmışdır.
R.Baxşəliyev bildirmişdir ki, ötən ilin sonundan etibarən təmsil etdiyi firma şüşə lifli boruların istehsalı üzrə fəaliyyət göstərən dünyanın ən böyük müəssisələrindən birinə çevrilmişdir. Hazırda müəssisədə 15 istehsal xətti işləyir və burada 1500 nəfər işçi çalışır.
Müəssisənin direktoru vurğulamışdır ki, 2006-cı ilin dekabrından etibarən zavod Oğuz-Qəbələ-Bakı su xətti üçün borular istehsal edir. Su xətti ümumi uzunluğu 267 kilometr, diametri isə 2000 millimetr olan borular vasitəsilə çəkiləcəkdir.
“TÜV-SÜD”ün “Azkompozit” müəssisəsində auditin şirkətin ölkəmizdə həyata keçirdiyi ilk layihə olduğunu bildirən R.Baxşəliyev demişdir ki, layihənin əhəmiyyəti nəzərə alınaraq istehsal edilən məhsulun keyfiyyətini yüksəltmək məqsədi ilə ötən ildən etibarən müəssisədə İSO 9001:2000 Keyfiyyəti İdarəetmə Sistemi üzrə beynəlxalq standartın tətbiqinə başlanmışdır. Bu standart istehsal olunan məhsulun keyfiyyətinə təsir edəcək bütün elementləri və prosesləri nəzərdə tutur və həmin proseslərə ayrıca nəzarət tələb edir.
Alman şirkətinin auditorları “Azkompozit” müəssisəsində yaradılmış Keyfiyyəti İdarəetmə Sisteminin tələblərə uyğunluğunu yoxlamaq məqsədilə audit həyata keçirmiş və nəticədə müəssisəyə müvafiq diplomun verilməsi ilə bağlı qərar qəbul etmişdir.
Tədbirdə “TÜV-SÜD” şirkəti fəaliyyətindən bəhs edən videomaterial göstərilmişdir.
Sonra çıxış edən “TÜV-SÜD” şirkətinin idarə heyətinin üzvü Əhməd Gürel şirkətin fəaliyyəti barədə məlumat vermişdir. Bildirmişdir ki, “TÜV-SÜD” 1866-cı ildə Almaniyanın Manheym şəhərində bir texniki nəzarət qurumu kimi fəaliyyətə başlamışdır. Hazırda dünyanın 100-dən artıq ölkəsində 14000 nəfər işçi heyəti ilə fəaliyyət göstərir.
İqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Akif Zeynalov və digərləri çıxış edərək müəssisəni təbrik etmiş və uğurlar arzulamışlar.
Tədbirin sonunda “Azkompozit” müəssisəsinə Almaniyanın “TÜV-SÜD” şirkəti tərəfindən İSO 9001 standartı üzrə uyğunluq diplomu təqdim edilmişdir.