ÜAK-DA AZƏRBAYCANIN DİNİ QURUMLARLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN SƏDRİ İLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
ÜAK-ın vitse–prezidenti, icra aparatının rəhbəri Natiq Ağamirov görüşü açaraq, Konqresin Rusiya azərbaycanlılarının həmrəyliyi, hüquq və mənafelərinin müdafiəsi ilə bağlı fəaliyyətindən danışmış, konfessiyalararası münasibətlər sahəsində vəziyyət və Rusiyadakı mömin azərbaycanlıların həyatı barədə məlumat vermişdir. N. Ağamirov Rusiyadakı Azərbaycan dini təşkilatları, o cümlədən azərbaycanlıların Moskvadakı “Əhli-beyt” islam cəmiyyəti ilə əlaqə yaratmaq üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və ÜAK arasında daha sıx əlaqələr qurulması məsələsinə xüsusi diqqət yetirmişdir. Onun fikrincə, Komitə Rusiyada yaşayan azərbaycanlı gənclərin mənəvi və dini tərbiyəsinə müsbət təsir göstərə bilər.
Rafiq Əliyev Komitənin fəaliyyətinin əsas istiqamətlərindən danışmışdır. O vurğulamışdır ki, bu qurum Rusiyada yaşayan azərbaycanlıların mənəvi dəyərlərinin inkişaf etdirilməsi ilə bağlı məsələlərdə Konqresə hər cür yardım göstərməyə hazırdır. Komitə dindar azərbaycanlıları Azərbaycan və rus dillərində müvafiq ədəbiyyatla təchiz edə bilər. R. Əliyevin sözlərinə görə, Rusiyanın dindar azərbaycanlıları üçün Bakıda elmi–praktik konfransın keçirilməsi də səmərəli olar.