CƏMİYYƏT
Üçtərəfli Bəyanatdan sonra baş vermiş 188 mina partlayışından 136-sı keçmiş təmas xəttindən kənarda olub

Bakı, 26 sentyabr, AZƏRTAC
Əldə etdiyimiz məlumatlar və monitorinqlər göstərir ki, işğaldan azad olunmuş ərazilərdə minalar və partlamamış hərbi sursatın sayı həddindən çoxdur. Ermənistan tərəfindən minaların qoyulmasında qanunauyğunluq yoxdur, bir çox ərazilərdə minalar çox sıx yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov “İşğaldan azad olunmuş ərazilərdə minaların və partlamamış hərbi sursatların yaratdığı problemlərə dair hesabatın hazırlanması və beynəlxalq ictimaiyyətə çatdırılması” adlı layihənin sona çatması ilə əlaqədar keçirilən mətbuat konfransında deyib.
H.Səfixanov qeyd edib ki, minatəmizləmə əməliyyatları zamanı bir kvadratmetr yerdən bəzən 6-8 piyada əleyhinə mina tapılıb, minalara yalnız keçmiş təmas (Ohanyan səddi) xəttində deyil, digər ərazilərdə də rast gəlinir. 2020-ci ilin 10 noyabrında Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının imzaladığı üçtərəfli Bəyanatdan sonra baş vermiş 188 mina partlaması hadisəsindən 136-sı keçmiş təmas xəttindən kənarda yerləşən ərazilərdə olub. Nəticədə 231 şəxs həlak olub və yaralanıb.