İDMAN
UEFA: Avro-2012-nin final matçlarına bütün biletlər satılmışdır
Kiyev, 10 aprel (AZƏRTAC). UEFA-nın əməliyyatlar üzrə direktoru Martin Kalen bildirmişdir ki, 2012-ci ildə futbol üzrə Avropa çempionatının final matçlarına bütün biletlər satılmışdır.
Futbol funksioneri demişdir: “Avro-2012-nin arenalarının heç birində boş yer olmayacaqdır. Əldə olan məlumata görə, çempionata bütün biletlər satılmışdır. Əslində bu mövzuya nöqtə qoyub futbol mövzusuna keçmək olar. Bu çempionat çox əlamətdar olacaqdır. Avropada futbol tarixində biz heç vaxt çempionata bu dərəcədə maraq göstərilməsinin şahidi olmamışıq”.
M.Kalenin sözlərinə görə, Ukrayna-Polşa turniri futbol yarışlarına bilet almağa maraq baxımından bütün rekordları geridə qoymuşdur. Belə ki, həmin turnirə bilet sifarişlərinin sayı 12 milyondan çox olmuşdur!
UEFA-nın əməliyyatlar üzrə direktoru bildirmişdir ki, bilet satışı kampaniyaları dövründə ən çox fəallıq göstərən azarkeşlər - çempionata ev sahibliyi edəcək iki ölkənin, habelə İngiltərə, Niderland və İsveçin nümayəndələridir. Qitə birinciliyi matçlarına ən çox bilet alan da bu azarkeşlər olmuşdur.
M.Kalen vurğulamışdır ki, Avropa Futbol İttifaqı biletlərin alıcılara göndərilməsi məsələsini bilə-bilə ləngidir, çünki həmin biletlərin saxtalaşdırılmasına yol verməmək üçün bir neçə müdafiə dərəcəsi tətbiq ediləcəkdir.
M.Kalen demişdir: “Biletlərin rəsmi təqdimat mərasimi Kiyevdə və Varşavada eyni vaxtda – aprelin 23-də keçiriləcəkdir. Yeni biletlərin müdafiə dərəcələrinin sayı beşdən artıq olacaq, yaxın vaxtlarda biletləri azarkeşlərin ünvanlarına göndərməyə başlayacağıq. Biletlərin pulunu ödəmiş şəxslərin hər biri həmin biletləri poçtla alacaqdır. Sizi əmin edirəm ki, bu qayda ilə bütün azarkeşlərin turnir başlayana qədər öz biletlərini alması təmin olunacaq, saxta biletlər hesabına varlanmaq niyyətində olan fırıldaqçılar isə qısa müddətdə yəqin ki, buna nail ola bilməyəcəklər”.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev