UKRAYNA ŞİRKƏTLƏRİ AZƏRBAYCAN NEFTİNƏ BÖYÜK MARAQ GÖSTƏRİR
AZƏRTAC xəbər verir ki, mayın 13-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev ölkəmizdə səfərdə olan Ukraynanın yanacaq və energetika nazirinin müavini Burzu Əliyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Rövnəq Abdullayev qonaqlara Azərbaycanda xarici şirkətlərlə birgə həyata keçirilən enerji layihələri, qazanılan uğurlar barədə danışmışdır. Bütün dünyada bu gün Azərbaycana böyük maraq yarandığını qeyd edən şirkət prezidenti ölkəmizin enerji sahəsində etibarlı tərəfdaş imici qazanmasını, regionun enerji təhlükəsizliyindəki böyük rolunu diqqətə gətirmişdir. Azərbaycanın iri neft-qaz istehsalçısı olmaqla yanaşı, çox vacib tranzit əhəmiyyətinin olduğunu vurğulayan R.Abdullayev, Mərkəzi Asiyadan Avropaya karbohidrogenlərin nəqli üçün ölkəmizin ən müasir infrastruktura malik olduğunu bildirmişdir. ARDNŞ-in artıq irimiqyaslı beynəlxalq layihələrlə məşğul olduğu qeyd edilmiş, Gürcüstanda həyata keçirilən proqramlar buna misal göstərilmişdir. ARDNŞ prezidenti həmin layihələrin iqtisadi cəhətdən şirkət üçün olduqca səmərəli olduğunu bildirmişdir.
Burzu Əliyev Azərbaycanın onun üçün doğma olduğunu və Bakını çox sevdiyini söyləyərək, burada şahidi olduğu inkişafı çox yüksək qiymətləndirmişdir. Ukraynanın Azərbaycanla münasibətlərin dərinləşməsinə böyük önəm verdiyini qeyd edən qonaq, ölkəsinin şirkətlərinin Azərbaycan neftinə böyük maraq göstərdiyini də bildirmişdir. Mayın sonlarında Kiyevdə növbəti enerji sammitinin keçiriləcəyini deyən B.Əliyev ARDNŞ prezidentini həmin tədbirdə görməkdən şad olacaqlarını söyləmişdir.
Kiyev Enerji sammitinə Azərbaycan tərəfinin də ciddi hazırlaşdığını qeyd edən R.Abdullayev Odessa-Brodı-Plotsk-Qdansk neft kəməri layihəsinin texniki-iqtisadi əsaslandırılması üzrə işlərin sürətlənməsindən razılığını bildirmişdir. Ukrayna şirkətləri ilə əməkdaşlığın perspektivlərinə toxunan Rövnəq Abdullayev qeyd etmişdir ki, dost ölkənin enerji bazarında ARDNŞ-in iştirakı məsələsi ciddi şəkildə öyrənilməlidir. Hazırda Dövlət Neft Şirkətinin Ukrayna bazarı üzrə marketinq araşdırmasına başladığı da diqqətə çatdırılmışdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilmişdir.