Ukrayna XİN başçısı MDB iştirakçısı olan ölkələrin səfirlərinə rəsmi Kiyevin Birlikdə sədrliyi Konsepsiyası barədə məlumat verəcəkdir
Kiyev, 14 yanvar (AZƏRTAC). Yanvarın 16-da Ukraynanın xarici işlər naziri Leonid Kojara öz ölkəsinin Birlikdə sədrliyi Konsepsiyasını və bununla əlaqədar Tədbirlər Planının əsas müddəalarını Azərbaycan da daxil olmaqla MDB iştirakçısı olan ölkələrin səfirlərinə təqdim edəcəkdir. Ukrayna XİN-in informasiya siyasəti departamentinin direktoru Yevgeni Perebiynis bu barədə yanvarın 14-də Kiyevdə keçirilən brifinqdə məlumat vermişdir.
Ukraynalı diplomat demişdir: “Elə bu həftə, yanvarın 16-da MDB Xarici İşlər Nazirləri Şurasının sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara MDB iştirakçısı olan ölkələrin Ukraynada akkreditə edilmiş səfirləri ilə görüşəcəkdir”.
Onun sözlərinə görə, həmin görüşdə Ukraynanın Birlikdə sədrliyi Konsepsiyası və bununla əlaqədar Tədbirlər Planının əsas müddəaları təqdim ediləcək, əsas diqqət iqtisadi məqamlar üzərində cəmləşdiriləcəkdir. Azad ticarət zonası haqqında 18 oktyabr 2011-ci il tarixli Müqavilənin tamdəyərli icrasının təmin edilməsi üzrə səyləri əlaqələndirməyin zəruriliyinə xüsusi diqqət yetiriləcəkdir.
Ukrayna xarici siyasət idarəsinin spikeri onu da xatırlatmışdır ki, MDB-də səmərəli sədrlik baxımından xeyli iş görülmüş, bu işin nəticəsində Ukrayna Nazirlər Kabineti 2014-cü ildə Ukraynanın MDB-də sədrliyinin təmin edilməsi üzrə Təşkilat Komitəsinin tərkibini və Tədbirlər Planını 2014-cü il yanvarın 9-da təsdiq etmişdir.
Tədbirlər planına uyğun olaraq, 2014-cü ildə Ukraynada bir sıra mühüm tədbirlərin, o cümlədən oktyabr ayında MDB Dövlət Başçıları Şurasının iclasının, may ayında Birliyin Hökumət Başçıları Şurasının, oktyabrda Xarici İşlər Nazirləri Şurasının, sentyabr ayında təşkilatın İqtisadi Şurasının iclaslarının keçirilməsi nəzərdə tutulur.
Diplomatın sözlərinə görə, Ukraynanın sədrliyi dövründə ən yaxın müddətdə Təşkilat Komitəsinin iclasını, Minskdə MDB-nin əlaqələndirmə təsisatları yanında Ukrayna nümayəndəsinin sədrliyi ilə Daimi Nümayəndələr Şurasının iclasının keçirilməsi, Kiyevdə birliyin iştirakçısı olan ölkələrin xarici işlər nazirliklərinin profil departamentləri səviyyəsində çoxtərəfli məsləhətləşmələr aparılması nəzərdə tutulur.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev