Ukraynalı müəllimlər muxtar respublikanın mədəniyyət və təhsil müəssisələri ilə tanış olublar
Naxçıvan, 28 aprel, AZƏRTAC
Ukraynanın İrpen şəhərində fəaliyyət göstərən Akademik Zərifə xanım Əliyeva adına 12 nömrəli xarici dillər üzrə ixtisaslaşmış ümumtəhsil məktəbinin bir qrup müəllimi Naxçıvan Muxtar Respublikasına gəlib. Səfər görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümü münasibətlə təşkil edilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, məktəbin direktoru Valentina Antonenko, dillər üzrə dərs hissə müdiri Lyudmila Arbuzina, informasiya-kommunikasiya texnologiyaları üzrə müəllim Alla Çumak və Ukrayna Təhsil Nazirliyinin əməkdaşı Oksana Zubenko muxtar respublikanın gəzməli-görməli yerləri ilə tanış olub, Kəngərli rayonunda Akademik Zərifə xanım Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbində görkəmli alimin 95 illiyi münasibətilə keçirilən tədbirdə iştirak ediblər.
Qonaqlar əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsinin önünə gül dəstələri qoyub, Heydər Əliyev Muzeyi ilə tanış olublar. Məlumat verilib ki, muxtar respublikada yaradılan muzeylər içərisində Heydər Əliyev Muzeyi xüsusi əhəmiyyət kəsb edir. Dünya şöhrətli siyasətçinin ömür yolunu əks etdirən dəyərli ekspozisiyada Ümummilli Liderimizin siyasi fəaliyyətinin müxtəlif tarixi mərhələlərini əks etdirən zəngin materiallar nümayiş olunur. Hər il muzeydə ulu öndər Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti ilə bağlı aidiyyəti təşkilatlarla elmi konfranslar, lektoriyalar, açıq dərslər keçirilir, həmçinin muzeyə tələbə və məktəblilərin ekskursiyaları təşkil edilir.
Naxçıvan Dövlət Xalça Muzeyi ilə tanışlıq zamanı ukraynalı qonaqlara Naxçıvan xalçaçılıq ənənələri barədə ətraflı məlumat verilib.
Sonra qonaqlar Heydər Əliyev adına tam orta məktəbdə və Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbdə olub, adıçəkilən təhsil ocaqlarının müəllim kollektivləri ilə görüşüb, tədris şəraiti haqqında məlumatlar alıblar.
Ukraynanın İrpen şəhərində fəaliyyət göstərən Akademik Zərifə xanım Əliyeva adına 12 nömrəli xarici dillər üzrə ixtisaslaşmış ümumtəhsil məktəbinin müəllimlərinin muxtar respublikaya səfəri davam edir.