Ulu öndər Heydər Əliyev uşaq və gənclərə daim böyük qayğı və diqqətlə yanaşıb
Bakı, 3 may, Göyçək Mahmudlu, AZƏRTAC
Mayın 3-də Azərbaycan Dövlət Filarmoniyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr edilən, ümumtəhsil və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında gənc ifaçıların üçüncü respublika müsabiqəsinin yekun konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Məclisin deputatları, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Tədbirdə əvvəlcə müsabiqə barədə məlumat verilib. Xalq Artisti Teymur Göyçayev bildirib ki, müxtəlif nominasiyalar (fortepiano, tar, kamança, xanəndə, qanun, balaban, vokal, simli və nəfəs alətləri) və yaş kateqoriyaları üzrə iki mərhələdə keçirilən müsabiqəyə respublika üzrə 572 nəfər iştirakçı sənəd təqdim edib. Onlardan 215-i birinci, 119-u isə ikinci mərhələyə seçilib. Münsiflər heyətinin yekun qərarı ilə 124 nəfər ifaçı laureat və diplomant adına layiq görülüb.
Sonra müsabiqə qalibləri mükafatlandırılıblar.
Tədbirdə çıxış edən F.Qurbanov Ulu Öndərin gənclərə və uşaqlara daim böyük diqqətlə yanaşdığını, mədəniyyət və incəsənət xadimlərinə xüsusi qayğı göstərdiyini vurğulayıb. Bildirilib ki, müsabiqənin keçirilməsinin məqsədi şagird və tələbələr arasında Heydər Əliyev irsini təbliğ etmək, istedadlı, yaradıcı gəncləri üzə çıxarmaqdır.
Nazir müavini qalibləri təbrik edib, uğurlar arzulayıb, onlara ölkəmizi dünyada layiqincə təmsil etməyi tövsiyə edib.
Tədbir konsert proqramı ilə davam edib. Qara Qarayev adına Dövlət Kamera Orkestri və müsabiqənin laureatları çıxış ediblər.
Qeyd edək ki, müsabiqə çərçivəsində Musiqi Mədəniyyəti Muzeyində şagird və ifaçıların Heydər Əliyevin 95 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan musiqi mədəniyyəti” mövzusuna ilk elmi-praktik konfransı da keçirilib.