Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş elmi-nəzəri konfrans keçirilib







Bakı, 8 may, AZƏRTAC
Bakıdakı Atatürk Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş elmi-nəzəri konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurası və Atatürk Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
İştirakçılar Ulu Öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Konfransı giriş sözü ilə Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli açıb.
Sonra iştirakçılar Heydər Əliyevin zəngin irsinin müxtəlif aspektlərinə həsr olunmuş silsilə məruzələri dinləyiblər.
Qərbi Azərbaycan İcması sədrinin müavini, Milli Məclisin deputatı, professor Hikmət Babaoğlu “Heydər Əliyevin siyasi irsinə yeni tarixi reallıq mövqeyindən analitik baxış” adlı məruzə ilə çıxış edərək Ulu Öndərin siyasi kursunun müasir kontekstdə əhəmiyyətindən ətraflı bəhs edib.
Professor Fərrux Rüstəmov “Heydər Əliyev və Azərbaycan təhsili” adlı məruzə ilə çıxış edərək milli təhsil sisteminin inkişafında mühüm rol oynayan islahatlar və təşəbbüslərdən danışıb.
Professor İbrahim Bayramovun “Heydər Əliyev və Qərbi azərbaycanlıların deportasiyasına siyasi-hüquqi qiymət” adlı məruzəsində diqqət keçmiş dövrün faciəli hadisələrinin hüquqi və tarixi cəhətlərinə yönəldilib və onların dünya ictimaiyyətinə çatdırılması üzrə Ümummilli Liderin gördüyü tədbirlərdən danışılıb. Alim əmin olduğunu bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti sayəsində ədalət mütləq zəfər çalacaq.
Konfrans çərçivəsində, həmçinin gənc musiqi ifaçısı Atilla Qəribin çıxışı olub.
Daha sonra Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının sədri, professor Elxan Hüseynov konfransa yekun vurub.