Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar iməcilik keçirilib
Bakı, 5 may, AZƏRTAC
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə bağlı tədbirlər paytaxtın Səbail rayonunda da davam etdirilir. Bununla əlaqədar ərazidəki park və bağlarda genişmiqyaslı abadlıq-quruculuq işləri görülür, yaşıllıqlar salınır.
Səbail Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, Ulu Öndərin doğum gününə həsr olunmuş növbəti genişmiqyaslı ağacəkmə aksiyası Ümummilli Liderin təşəbbüsü və iştirakı ilə keçən əsrin 70-ci illərində “Şıx” ərazisində yaradılmış “Dostluq parkı”nda rayonun idarə, təşkilat, müəssisələrinin və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə keçirilib. Parkın bütün ərazisini əhatə edən iməcilik zamanı iştirakçılar 1000 ədəd Eldar şamı, zeytun və digər ağaclar əkiblər, ərazi quru ot və digər tullantılardan təmizlənib, əkilmiş ağaclara qulluq göstərilib.
İməcilikdə Bakıdakı 6 nömrəli məktəb-liseyin kollektivi də fəal iştirak edib. Eyni zamanda, Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun istirahət parkları və bağlarında güllərdən müxtəlif kompozisiyalar hazırlanıb.