Ulu öndər Heydər Əliyevin Azərbaycan təbiətinə qayğısı hər birimiz üçün ən gözəl nümunədir
Bərdə, 5 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyev Azərbaycanın ekoloji problemlərının həllini, təbiət abidələrinin qorunmasını daim diqqət mərkəzində saxlayıb, ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə məsələlərinə xüsusi qayğı ilə yanaşıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Bərdədə “Heydər Əliyev və Azərbaycan təbiəti” mövzusunda keçirilən elmi-praktik konfransda səsləndirilib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər gül dəstələri qoyublar.
Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatı, Uşaq-Gənclər İnkişaf Mərkəzi, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin birgə təşkil etdiyi konfransda əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Bərdə rayon təşkilatının baş təlimatçısı Cavid İbişov tədbirdə çıxış edərək, ümummilli lider Heydər Əliyevin təbiətimizə göstərdiyi qayğıdan, bu istiqamətdə həyata keçirilən ardıcıl, məqsədyönlü tədbirlərdən danışıb.
Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin metodisti, aqrar elmləri üzrə fəlsəfə doktoru Xosrov Musayev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Etibar Hüseynova, Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov və başqaları da çıxışlarında Ulu Öndərin təbiətə olan sevgisindən, onun hakimiyyəti illərində ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi üçün qəbul olunan qanun və qərarlardan, ölkəmizdə qoruq və yasaqlıqların yaradılmasının əhəmiyyətindən söz açıblar.
Ulu öndər Heydər Əliyevin Azərbaycan təbiətinə qayğısının hər birimiz üçün ən gözəl nümunə olduğunu deyən natiqlər, bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildiriblər.