REGİONLAR
Ulu Öndər məcburi köçkünlərə hər zaman diqqət və qayğı ilə yanaşıb
Sumqayıt, 10 may, Ətrabə Rzayeva, AZƏRTAC
Qubadlı rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə rayon ümumtəhsil məktəblərinin komandaları arasında idmanın müxtəlif növləri üzrə rayon birincilikləri, inşa yazı, rəsm, “ən yaxşı təqdimat” müsabiqələri, musiqi məktəblərinin şagirdləri arasında mahnı, rəqs müsabiqələri və digər tədbirlər təşkil edilib.
AZƏRTAC xəbər verir ki, mayın 10-da Abşeron rayonunda “Stansiya Sumqayıt” ərazisində məcburi köçkün ailələri üçün yeni salınmış yaşayış massivində Ulu Öndərin anadan olmasının 96-cı ildönümü münasibətilə yekun ümumrayon tədbiri keçirilib. Əvvəlcə rayon icra hakimiyyəti və YAP Qubadlı rayon təşkilatının birgə keçirdiyi ağacəkmə aksiyası olub.
Rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi aksiyada min ədəd ting əkilib.
Sonra tədbir yaşayış massivində yenicə fəaliyyətə başlayan Qubadlı şəhər 1 saylı körpələr evi-uşaq bağçasında davam etdirilib.
Bildirilib ki, hələ sovet dövründə Azərbaycana məharətlə rəhbərlik edən Heydər Əliyev ölkəni sürətli inkişaf yoluna çıxarmaqla güclü elmi, iqtisadi və mənəvi potensial yarada bilib, başlıcası isə xalqın qəlbində, arzu və istəklərində yüz illərlə yaşayan azadlıq və müstəqillik ideyalarının həyati tələbat kimi formalaşmasına zəmin yaradıb.
Diqqətə çatdırılıb ki, ötən əsrin 90-cı illərində xalqın tələbi ilə müstəqil Azərbaycan Respublikasına rəhbərliyə qayıdan Ulu Öndərin o ağır illərdəki fəaliyyətinin xronikasını nəzərdən keçirən hər kəs onun sarsılmaz siyasi iradəsinə, idarəçilik məharətinə, müdrik qərarlar qəbul etmək səriştəsinə heyran qalmaya bilmir. Azərbaycanın müstəqil dövlətçiliyinə qənim kəsilən xarici və daxili qüvvələri məharətlə zərərsizləşdirən Heydər Əliyev əsl mənada müstəqil dövlətin qurulması, iqtisadi, hərbi, mədəni potensialının hərəkətə gətirilməsi üçün ölkədə vacib olan şərti bərqərar etdi, əmin-amanlıq yaratdı.
Dövrün burulğanlı, təlatümlü çağında böyük siyasi müdrikliyi, gözlənilməz siyasi gedişləri ilə tarixin yaddaşında əbədi yaşayacaq liderin fəaliyyəti vaxt ötdükcə öz dəyərini göstərməkdədir və bunlar zaman-zaman elmi araşdırmaların mövzusu, predmeti olacaqdır.
Qeyd olunub ki, bu gün dövlətimiz tərəfindən bütün sahələrə olduğu kimi, məcburi köçkünlərə də böyük diqqət və qayğı göstərilir. Məcburi köçkünlərin həyat şəraitlərinin yaxşılaşması, onların sosial rifahının gücləndirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır.
Bu gün Heydər Əliyev siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyevin Ulu Öndərin ideya və strategiyasının yeni tarixi şəraitə uyğun yaradıcılıqla həyata keçirməsi ölkəmizi çiçəklənən bir diyara çevirib.
Qubadlılar yaxın gələcəkdə məhz bu siyasət nəticəsində torpaqlarımızın işğaldan azad olunacağına və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıdacaqlarına inamlarını ifadə ediblər.
Tədbir körpələr evi-uşaq bağçası kollektivinin hazırladığı konsert proqramı ilə yekunlaşıb.