REGİONLAR
Ulu Öndərin banisi olduğu müstəqil Azərbaycan möhkəm bünövrə üzərində zirvələrə ucalır VİDEO
İmişli, 12 dekabr, Aydın Yavərzadə, AZƏRTAC
Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti Azərbaycanı dərin siyasi, iqtisadi və sosial böhrandan çıxararaq, müstəqillik yolu ilə inamla irəliləməsi üçün zəmin yaratdı. Bu gün Ümummilli Lider Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycan möhkəm bünövrə üzərində daha da zirvələrə ucalmaqdadır və dahi şəxsin xatirəsi dərin ehtiramla anılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İmişlidə Ümummilli Lider Heydər Əliyevin xatirəsi izdihamla anılıb. Səhər saatlarından başlayan anım mərasimində rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İmişli şəhər mərkəzində Ümummilli Liderin abidəsi ehtiramla ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Qeyd edək ki, Ulu Öndər Heydər Əliyev, ümumilikdə, İmişliyə 5 dəfə səfər edib. Sadə adamlarla, kənd zəhmətkeşləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb. Ulu Öndərin hakimiyyətdə olduğu illərdə İmişlidə digər sahələrlə bərabər, aqrar sahə də ciddi inkişaf edib. Bir sıra istehsal, emal müəssisələri istifadəyə verilib. Sözügedən istehsal sahələrindən bir çoxu hazırda da fəaliyyət göstərir. Bir sözlə, İmişli rayon sakinləri Ümummilli Liderin xatirəsini daim əziz tutur və onu ehtiramla yad edirlər.