ORDU
Ulu Öndərin ilk dəfə prezident seçilməsinin 30-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib












Bakı, 3 oktyabr, AZƏRTAC
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ilk dəfə prezident seçilməsinin 30-cu ildönümü münasibətilə əlaqədar Müdafiə Nazirliyinin tabeliyindəki müəssisə və hərbi hissələrdə silsilə tədbirlər keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Ulu Öndərin ölkəmizin müxtəlif yerlərindəki abidələri önünə gül dəstələri düzülərək xatirəsi ehtiramla anılıb. Dahi şəxsiyyətin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirlərdə çıxış edənlər Ümummilli Liderin müasir Azərbaycan Ordusunun yaradılması və inkişafında misilsiz xidmətlərindən danışıblar. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın dövlət müstəqilliyi möhkəmləndirilib, ölkəmizin beynəlxalq mövqeyi güclənib. Onun müdrik siyasətini uğurla davam etdirən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sayəsində ölkəmizin dayanmadan inkişaf etdiyi xüsusi vurğulanıb.
Eyni zamanda qeyd edilib ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə respublikamızda 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi Ümummilli Liderə göstərilən ehtiramın bariz nümunəsidir.
Silsilə tədbirlər çərçivəsində plana uyğun olaraq şəxsi heyət Heydər Əliyev mərkəzlərini, muzeyləri və abidələri ziyarət edib. Eləcə də Ulu Öndərin şərəfli həyat yolu və fəaliyyəti haqqında filmlər nümayiş etdirilib, elmi-praktik konfranslar, “dəyirmi masa”lar və digər mədəni-kütləvi tədbirlər təşkil olunub.