MƏDƏNİYYƏT
Umida Teşabayeva: Özbəkistan Milli Kitabxanası uzun illərdir Azərbaycan Milli Kitabxanası ilə sıx əməkdaşlıq edir

Bakı, 21 sentyabr, AZƏRTAC
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının 100 illiyinə həsr olunmuş belə təntənəli tədbirdə iştirak etdiyimə görə çox şadam. Özbəkistan Milli Kitabxanası uzun illərdir Azərbaycan Milli Kitabxanası ilə sıx əməkdaşlıq edir və təcrübə mübadiləsini genişləndirir.
Bu barədə Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasının direktoru Umida Teşabayeva AZƏRTAC-a müsahibəsində bildirib.
Həmkarlarını 100 illik yubiley münasibətilə təbrik edən Umida Teşabayeva qeyd edib ki, Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasında Azərbaycan ədəbiyyatı guşəsi fəaliyyət göstərir, burada oxucular maraqla Azərbaycan ədəbiyyatı ilə tanış olurlar və Azərbaycan dilini öyrənirlər. “Daşkənddə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi fəaliyyət göstərir, biz onunla fəal əməkdaşlıq edirik, çoxlu sayda müxtəlif tədbirlər keçiririk. Kitabxanamızın oxucuları arasında azərbaycanlılar çoxdur, onlar bizim daimi oxucularımızdır və kitabxana fondundan elmi işləri üçün material toplayırlar”, - deyə Özbəkistan Milli Kitabxanasının direktoru əlavə edib.