Ümumdünya Poçt İttifaqı: Rəqəmsallaşmaya keçid üçün inkişaf etməkdə olan ölkələrin poçt təşkilatlarının əməkdaşlığı önəmlidir VİDEO

Bakı,13 may, AZƏRTAC
Rəqəmsallaşmaya keçid üçün inkişaf etməkdə olan ölkələrin poçt təşkilatlarının əməkdaşlığı önəmlidir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Ümumdünya Poçt İttifaqının (ÜPİ) İnkişaf və əməkdaşlıq üzrə direktoru Mutua Muthusi bildirib.
Mutua Muthusi qeyd edib ki, bu gün Bakıda işə başlayan Avropa və MDB Poçt Liderlərinin I Forumu əməkdaşlıq əlaqələrinin qurulması üçün müstəsna rol oynayır.
"Əsas məqsədimiz zəif işləyən poçt şəbəkələrinin optimal fəaliyyət səviyyəsinə çatmasını təmin etməkdir ki, nəticədə güclü beynəlxalq poçt şəbəkəsi yaradılsın. ÜPİ bu məqsədlə texniki yardım, avadanlıq dəstəyi və potensialın artırılması proqramları təqdim edir. Bakıda tədbirdə poçt rəhbərləri arasında təcrübə və məlumat mübadiləsi aparılır. Bu proses nəticəsində mövcud əməliyyat boşluqlarını müəyyənləşdiririk və həmin boşluqları aradan qaldırmaq üçün konkret dəstək mexanizmləri formalaşdırırıq. Həmçinin rəqəmsallaşma zamanı kibertəhlükəsizlik məsələləri də ön plana çıxır”, – deyə Mutua Muthusi əlavə edib.