REGİONLAR
Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib
Naxçıvan, 10 oktyabr, AZƏRTAC
İlk dəfə olaraq Naxçıvanda keçirilən 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, “Türkiyə-Red” komandasının çempionluğu ilə başa çatan olimpiadanın son turu maraqlı oyunlarla yadda qalıb. Sonuncu turda “Azərbaycan-Naxçıvan” komandası “CAR-3” komandası ilə üz-üzə gəlib. Hüseyn Seyid, Rza Həsənli, Rəcəb Abdullabəyli və Nazlı Hümbətova dördlüsü ağ-qara masanı qələbə ilə tərk ediblər -4:0.
Qeyd edək ki, olimpiadada Hüseyn Seyid 9 oyundan 7,5 xal toplamaqla, fərdi oyunlarda ən çox xal toplayan zəka sahiblərindən biri kimi seçilib. Sonuncu turda “Azərbaycan-1” komandası “Türkiyə-Anatolia” komandası ilə qarşılaşıb. Görüş komandamızın 2,5:1,5 hesablı qələbəsi ilə başa çatıb. “Azərbaycan-2” komandası “Özbəkistan-2” komandası ilə 18-ci masada xalları yarı bölüblər - 2:2. Şri-Lanka yığmasını sınağa çəkən “Azərbaycan-4” komandası son turda qələbəyə sevinib - 3:1. “Azərbaycan-3” komandası isə İngiltərə millisi ilə görüşdə “sülh”ə imza atıb - 2:2. “Azərbaycan-Sumqayıt” komandası son turu böyükhesablı qələbə ilə başa vurub. Onlar “Gürcüstan-2” komandası qarşısında çətinlik çəkməyiblər - 4:0.
Olimpiadanın qalibi “Türkiyə-Red” komandası Hindistan yığmasını sınağa çəkib. Qardaş ölkə təmsilçilərinin qələbəsi həm də “Azərbaycan-1” komandasının mükafatçılar siyahısına düşməsinə şərait yaradıb - 3:1. “Özbəkistan-1” komandası son turda Kuba yığmasını məğlub edib və olimpiadada gümüş medalın sahibi olub - 3:1.
9-cu turda keçirilən digər oyunlarda aşağıdakı nəticələr qeydə alınıb:
Qazaxıstan - “Gürcüstan -1” - 3,5:0,5
İran - Qırğızıstan - 3,5:0,5
Moldova - “Türkiyə-White” - 1:3
Kanada - Meksika - 2,5:1,5
Monqolustan - Latviya - 2,5:1,5
Banqladeş - “CAR-1” - 1,5:2,5
Honkonq - Malayziya - 0,5:3,5
Livan - “CAR-2” - 2,5:1,5
Panama - Misir - 4:0.
“Türkiyə-Red” komandası 9 turdan ibarət 16 yaşadək yeniyetmələrin Ümumdünya Şahmat Olimpiadasında mümkün olan 18 xalın hamısını toplamaqla çempion adını qazanıb. Digər iki pillədə isə 15 xalla “Özbəkistan-1”, 13 xalla “Azərbaycan-1” komandaları qərarlaşıblar.
“Azərbaycan-Naxçıvan” komandası isə ötən olimpiadadan fərqli olaraq, bu dəfə xal ehtiyatını bir qədər də artırmağa nail olub. 8 xal toplayan komandamız mötəbər yarışı 20-ci pillədə başa vurub.