ELM VƏ TƏHSİL
Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elan edilir
Bakı, 9 sentyabr (AZƏRTAC). Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumi orta təhsil bazasında (doqquzillik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elan edir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildirmişlər ki, ixtisas seçimi sentyabrın 9-dan 12-dək internet vasitəsilə aparılır.
Müsabiqədə ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə avqustun 25-də keçirilmiş qəbul imtahanlarında topladığı ümumi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. İmtahanın nəticələrinə görə orta ixtisas təhsili müəssisələrinə qəbul olunmuş abituriyentlər müsabiqədə iştirak edə bilməzlər.
Boş qalmış plan yerlərinin siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim olunmuşdur.
Həmin jurnalı TQDK-nın inzibati binasının qarşısında yerləşən “Abituriyent” satış köşkündən, eyni zamanda, komissiyanın internet saytının müvafiq bölməsinə - http://www.tqdk.gov.az/ejurnal/ daxil olaraq elektron ödəmə etməklə əldə etmək olar.