ELM VƏ TƏHSİL
Ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə vakant yerlərə müəllimlərin işə qəbulu üzrə elektron ərizə qəbuluna başlanılmışdır
Bakı, 1 iyul (AZƏRTAC). İyulun 1-dən 2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə vakant yerlərə müəllimlərin işə qəbulu üzrə elektron ərizə qəbuluna başlanılmışdır.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, müsabiqədə iştirak etmək istəyənlər nazirliyin rəsmi internet saytının “Müəllimlərin işə qəbulu” səhifəsinə (http://www.edu.gov.az/view.php?lang=az&menu=391&id=4084) daxil olaraq elektron ərizələrini verə bilərlər.
2013-2014-cü tədris ilində müəllimlərin işə qəbulu üzrə 3.286 vakant yer müəyyənləşdirilmişdir. Onlardan 2.999-u Azərbaycan bölməsi, 187-si isə rus bölməsi üzrədir. Azərbaycan bölməsi üzrə ən çox vakant yer biologiya, kimya, coğrafiya, Azərbaycan dili və ədəbiyyatı, fizika, tarix, ingilis dili və informatika fənləri üzrədir. Rus bölməsi üzrə isə ən çox vakant yer ibtidai sinif müəllimi ixtisası üzrədir.
Elektron ərizələrin qəbulu iyulun 15-də saat 18.00-da başa çatacaqdır. Hər bir namizəd test imtahanlarının keçirilmə tarixi barədə məlumatı iyulun 21-dən 23-dək Təhsil Nazirliyinin rəsmi internet saytının “Şəxsi səhifə” bölməsindən ala biləcəkdir.