ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 85 İLLİK YUBİLEYİ AZƏRBAYCANIN QAHİRƏDƏKİ SƏFİRLİYİNDƏ GENİŞ QEYD EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi ilə əlaqədar Azərbaycanın Qahirədəki səfirliyi silsilə tədbirlər keçirmişdir.
Səfirliyin əməkdaşları, yerli ictimaiyyət nümayəndələri, bu ölkənin universitetlərində təhsil alan azərbaycanlı tələbələr, Azərbaycan icmasının üzvləri, Misirin Qalyubiyyə vilayətinin Qanatır Xeyriyyə şəhərinin meri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov Azərbaycan parkını ziyarət etmiş, ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüşlər. Tədbir iştirakçıları Nil çayının sahilində yerləşən parkla və buradakı kitabxana ilə də tanış olmuşlar. Milli Məclisin deputatı Hüseynbala Mirələmovun “Görkəmli şəxsiyyətlər silsiləsindən - Heydər Əliyev” kitabının ərəb dilinə tərcümə olunmuş nüsxələri kitabxanaya hədiyyə olunmuşdur.
Daha sonra tədbir səfirlikdə davam etdirilmiş, ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi və “Görkəmli şəxsiyyətlər silsiləsindən - Heydər Əliyev” kitabının təqdimat mərasimi keçirilmişdir.
Tədbirdə Misir Ərəb Respublikasının təhsil naziri, Qalyubiyyə vilayətinin qubernatoru, xarici işlər nazirinin müavini, Ərəb Dövlətləri Liqası baş katibinin şəxsi nümayəndəsi, Misirdə akkreditə olunmuş səfirlər, Misir parlamentinin deputatları, ictimaiyyət və mətbuat nümayəndələri iştirak etmişlər.
Mərasim iştirakçıları səfirliyin sərgi salonunda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, müxtəlif ölkələrin dövlət başçıları ilə görüşlərindən bəhs edən fotosərgiyə tamaşa etmişlər.
Səfir Faiq Bağırov qonaqlara ulu öndər Heydər Əliyevin həyatı və Azərbaycan xalqı qarşısındakı xidmətləri barədə ətraflı məlumat vermiş, ümummilli liderin 85 illik yubileyinin ölkəmizin hüdudlarından kənarda geniş qeyd edildiyini diqqətə çatdırmışdır. O, səfirliyin dəstəyi ilə ərəb dilinə tərcümə olunmuş “Görkəmli şəxsiyyətlər silsiləsindən - Heydər Əliyev” kitabının həm siyasətçilər, həm də ərəb aləminin geniş oxucu kütləsi tərəfindən rəğbət və maraqla qarşılanacağına, Heydər Əliyev siyasi irsinin öyrənilməsi və təbliğində mühüm rol oynayacağına əmin olduğunu bildirmişdir.
Kitabın müəllifi Hüseynbala Mirələmov Heydər Əliyev dühasından danışmışdır.
Daha sonra kitabın ərəb dilinə tərcüməçisi, misirli yazıçı Əbdürrəhman Əl-Xəmisi tərcüməyə sərf etdiyi yarım ildən artıq müddət ərzində Heydər Əliyev irsinin zəngin xüsusiyyətləri ilə yaxından tanış olduğunu bildirmişdir. O, Azərbaycan xalqının dahi oğlu, yüksək əxlaqi keyfiyyətlərə malik Heydər Əliyevin həyat və fəaliyyətindən, xalqının istiqlaliyyəti və azadlığı uğrunda mübarizəsindən bəhs edən kitabın ərəb tarixçiləri və siyasətçiləri üçün zəngin məlumat mənbəyi olduğunu vurğulamış, belə bir əsəri tərcümə etməsindən böyük şərəf duyduğunu bildirmişdir.
Rusiyanın Misirdəki səfiri Mixail Boqdanov çıxışında Heydər Əliyevlə iki dəfə görüşmək şərəfinə nail olduğunu və bu görüşlərin ona bağışladığı xoş təəssüratlardan bəhs etmişdir. Heydər Əliyevin həddindən artıq müdrik insan, əsl siyasi xadim olduğunu qeyd edən diplomat, bu fenomen şəxsiyyətin insanlara kimliyindən asılı olmayaraq mehribanlıq və qayğı ilə yanaşdığını, hər kəsin fikir və rəyinə önəm verdiyini, bununla da bütün insanların hörmət və rəğbətini qazandığını bildirmişdir.
Afrika-Asiya Yazıçılar İttifaqının sədri Məqdi Murqan kitabın ərəb dünyasının geniş oxucu kütləsinin sevgisini qazanacağına əminliyini ifadə etmişdir. O, belə sanballı əsər yazdığına görə müəllifə təşəkkür etmiş, onun Afrika-Asiya Yazıçıları İttifaqının medalına layiq görüldüyünü və ittifaqın fəxri üzvü seçildiyini bildirmişdir.
Sonda Heydər Əliyev haqqında ərəb dilinə dublyaj edilmiş film nümayiş etdirilmiş, qonaqlara “Görkəmli şəxsiyyətlər sililəsindən - Heydər Əliyev” kitabı, eləcə də Heydər Əliyev haqqında filmin diskləri, səfirliyin dəstəyi ilə Misirdə nəşr olunan “Azərbaycan” qəzetinin nüsxələri paylanmışdır.