CƏMİYYƏT
Ümummilli lider Heydər Əliyevin milli hərbi kadrların hazırlanması sahəsində misilsiz xidmətləri var





Bakı, 10 may, AZƏRTAC
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirilib.
Dövlət Xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xidmət rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev tədbirdə çıxış edərək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin həyatı boyunca Azərbaycan naminə göstərdiyi xidmətlərindən danışıb. Bildirilib ki, milli mənəvi dəyərləri hər zaman uca tutan, qəlbi Azərbaycanla döyünən Ümummilli Liderin milli hərbi kadrların hazırlanması istiqamətində gördüyü işlər onun Vətən və xalq qarşısında misilsiz xidmətlərindən biridir. Böyük siyasi səriştəyə, təcrübəyə və dünyagörüşünə malik olan dahi rəhbərin Bakıda əsasını qoyduğu hərbi məktəb, hərbi təhsil almaq üçün keçmiş SSRİ-nin ali hərbi məktəblərinə göndərdiyi gənclər indiki qüdrətli Azərbaycan Silahlı Qüvvələrinin zabit korpusunun əsasını təşkil edir.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən irimiqyaslı layihələr, ölkəmizin dinamik inkişafı konkret faktlarla diqqətə çatdırılıb. Bu nailiyyətlərin ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf konsepsiyasının alternativsizliyini tam dolğunluğu ilə təsdiq etdiyi vurğulanıb.
Tədbirdə Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən “Vətənə, xalqa həsr edilən ömür” sənədli filmi nümayiş olunub.
Daha sonra Xidmətin Aparatının və Bakı Qarnizonunun hərbi qulluqçuları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.