İDMAN
Ümummilli lider Heydər Əliyevin Olimpiya hərəkatına verdiyi töhfələr azərbaycanlı gənclərdə fərəh hissi doğurur
Qədim Olimpiya, 12 avqust (AZƏRTAC). Azərbaycanda idmana göstərilən diqqət və qayğı göz qabağındadır. Ölkəmizdə idman infrastrukturu gündən-günə təkmilləşdirilir və yeni nəslin formalaşması üçün münbit şərait vardır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Heydər Əliyev Fondunun təşəbbüsü, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Beynəlxalq Olimpiya Akademiyasının birgə təşkilatçılığı ilə Yunanıstanda təşkil olunmuş Yay Olimpiya Məktəbində iştirak edən atletika üzrə milli komandamızın məşqçisi, beynəlxalq dərəcəli məşqçi Elvin Əliyev demişdir.
Bildirmişdir ki, bu məktəbdə iştirak mənim gələcək fəaliyyətimə öz müsbət təsirini göstərəcəkdir. Olimpiya hərəkatının və Olimpizmin dünyada geniş vüsət aldığı bir dövrdə bu ideyalarla yerində tanış olmaq, Olimpiya dəyərləri və bu dəyərlərin inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə məlumatlı olmaq çox sevindiricidir.
Respublikamızın artıq bir idman ölkəsinə çevrildiyini diqqətə çatdıran E.Əliyev, idmançılarımızın Olimpiya və Paralimpiya Oyunlarında uğurla çıxış etdiyini diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, bir mütəxəssis olaraq bu məktəbin əhəmiyyətini yüksək qiymətləndirirəm. İlk dəfə 2015-ci ildə Bakıda təşkil olunacaq birinci Avropa Oyunları ərəfəsində bu məktəbdə iştirak etmək və yetərincə bu sahədə bilik toplamaq və qazandığım təcrübəni öz yetirmələrimlə paylaşmaq əslində bir mütəxəssis kimi məndə fərəh hissi doğurur. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin idman və idmançılara olan qayğısının bariz nümunəsidir.
E.Əliyev demişdir: “Olimpiya Oyunlarına siyasi baxış və Olimpiya dəyərləri istiqamətində mühazirələrin müzakirəsi zamanı ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərinin əcnəbi professorlar tərəfindən vurğulanması bir azərbaycanlı kimi məndə qürur hissi doğurdu. 1980-ci ildə Moskvada keçirilən Yay Olimpiya Oyunlarından əvvəl SSRİ Nazirlər Kabinetinin sədrinin müavini vəzifəsində çalışan Ulu Öndər bir sıra Qərb ölkələri və ABŞ ilə danışıqlar aparmışdır. Onların Moskva Olimpiya Oyunlarını baykot etməsinə baxmayaraq, dahi şəxsiyyətin siyasi iradəsi və nüfuzu sayəsində onlar bu mötəbər yarışda iştirak etmişlər”.
Səxavət Quliyev
AZƏRTAC-ın müxbiri Qədim Olimpiya