ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN YUBİLEYİ UZAQ YAPONİYADA DA QEYD EDİLMİŞDİR
Azərbaycanın Yaponiyadakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, mayın 9-da səfirlikdə ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbirdə Yaponiya parlamentinin, hökumətinin, o cümlədən Xarici İşlər Nazirliyinin, 1998-ci ildə Heydər Əliyevin bu ölkəyə rəsmi səfəri zamanı ulu öndərlə görüşmüş Yaponiya parlamenti və hökumətinin üzvləri, işgüzar dairələrin nümayəndələri, bir sıra dövlətlərin səfirləri, eləcə də Tokioda yaşayan və təhsil alan həmvətənlərimiz iştirak etmişlər.
Tədbiri Azərbaycanın Yaponiyadakı səfiri açmış və ümummilli liderin həyatı və fəaliyyəti haqqında nitq söyləmişdir. Səfir Azərbaycanın müasir dövlətçiliyinin qurulmasında, ölkəmizin beynəlxalq aləmdə layiqli yer tutmasında və tanınmasında, iqtisadiyyatın dirçəldilməsində ulu öndər Heydər Əliyevin əvəzedilməz rolu haqqında qonaqlara geniş məlumat vermişdir. Bildirmişdir ki, Azərbaycan və Yaponiya arasında əlaqələrin inkişafı və genişlənməsində ümummilli lider Heydər Əliyevin böyük xidmətləri olmuşdur.
Yaponiyanın sabiq xarici işlər nazirinin müavini və ədliyyə naziri, 2002-ci ildə nazir müavini kimi Azərbaycana səfər etmiş və ümummilli lider ilə görüşmüş Yaponiya parlamentinin üzvü Seiken Suqiura, Yaponiyanın Azərbaycandakı sabiq səfirləri Takehiro Toqo, Tetsuya Hirose, Toşiyuki Fucivara, Heydər Əliyevin 1998-ci ildə Yaponiyaya rəsmi səfəri zamanı onunla görüşmüş İMPEKS şirkətinin prezidenti Kunihiko Matsuo ümummilli liderimizlə bağlı xatirələrini söyləmişlər.
Sonda Heydər Əliyev haqqında film nümayiş etdirilmişdir. Qonaqlar ümummilli lider Heydər Əliyevin 1998-ci ildə Yaponiyaya rəsmi səfərinə dair fotosərgi ilə maraqla tanış olmuşlar.