UNEC-də Azərbaycan İstiqlal Muzeyinin eksponatlarından ibarət fotosərgi təşkil olunub
Bakı, 23 aprel, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Azərbaycan İstiqlal Muzeyinin eksponatlarından ibarət fotosərgi açılıb.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunan sərgidə Cümhuriyyətin qurucuları, əsgər və zabitlərinin, o cümlədən dövrün əhəmiyyətli sənədlərinin fotoları nümayiş etdirilir. Tələbələrin böyük marağına səbəb olan eksponatlar UNEC-in bütün tədris binalarında, Zaqatala filialında və Maliyyə-İqtisad Kollecində də sərgilənəcək.
Qeyd edək ki, AXC-nin 100 illik yubileyinin keçirilməsi ilə bağlı UNEC-in tədbirlər planı təsdiqlənib. Sənədə əsasən, UNEC-də “AXC dövründə Azərbaycanın sosial-iqtisadi inkişafı” mövzusunda elmi konfrans, seminar, açıq dərs və “dəyirmi masa”lar təşkil olunur. Tədbirlər planında “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil alan məzunların iştirakı ilə “Azərbaycan Xalq Cümhuriyyəti dövründə gənclərin xaricdə təhsili” mövzusunda forumunun keçirilməsi nəzərdə tutulub.