UNEC-də əcnəbi tələbələrin milli mətbəx festivalı keçirilib
Bakı, 1 may, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) əcnəbi tələbələrin iştirakı ilə milli mətbəx festivalı keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, tələbələrlə iş üzrə prorektor, dosent Səadət Qəndilova əcnəbi tələbələrin universitetin sosial həyatına inteqrasiyası istiqamətində görülən işlərdən söz açıb. Prorektor əcnəbi tələbələrin təmsil etdikləri ölkələrin tarixinin, mədəniyyətinin, mətbəxinin tanıdılması baxımından festivalın böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Beynəlxalq əməkdaşlıq departamentinin direktoru Sənnur Əliyev UNEC-də təhsil alan əcnəbi tələbələr barədə məlumat verib. Bildirib ki, universitetdə 20-yə yaxın ölkədən 245 əcnəbi bakalavr, magistr və doktorant təhsil alır. O, UNEC-də əcnəbi tələbənin təşəbbüsü ilə ödənişsiz “danışıq klubu”nun da fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
Əfqanıstan vətəndaşı olan, Beynəlxalq İqtisadiyyat Məktəbinin I kurs tələbəsi, UNEC-in əcnəbi tələbə klubunun rəhbəri Muqader Vazeri universitetdə yerli və əcnəbi tələbələr arasında sosial inteqrasiyanın yüksək səviyyədə təşkil edildiyindən danışıb. O, festivalın keçirilməsinin bu münasibətlərin daha da inkişaf etdirilməsində mühüm rol oynadığını vurğulayıb.
Festivalda UNEC-in əcnəbi tələbələri təmsil etdikləri ölkələrin milli mətbəxinə aid yeməklər hazırlayaraq təqdim ediblər. Əcnəbilərin milli geyimlərdə təqdim etdikləri Türkiyə, Almaniya, Çin, Əfqanıstan, Keniya, Nepal və digər ölkələrin təamları müəllim və tələbələr tərəfindən maraqla qarşılanıb. Festival əcnəbi və yerli tələbələrin, müəllimlərin “Yallı” sədaları altında birgə rəqsi ilə davam edib.