COP29
UNEP-in təmsilçisi: COP29 iqlim dəyişmələri ilə mübarizə üzrə milli planların təhlilində mühüm fürsətdir
Ankara, 4 sentyabr, AZƏRTAC
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəfləri Konfransının Azərbaycanda keçiriləcək 29-cu sessiyasının (COP29) nəticələri, eləcə də ondan sonra Braziliyada təşkil olunacaq COP30 konfransı İqlim Dəyişikliyi ilə Mübarizə üzrə Milli Fəaliyyət Planlarının (NDC) həyata keçirilməsinin təhlili üzrə böyük əhəmiyyətə malikdir.
AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin Ətraf Mühit Proqramının (UNEP) nümayəndəsi Gülnarə Roll Türkiyədə jurnalistlərə məlumat verib.
Onun sözlərinə görə, yalnız Paris Sazişi tərəflərinin emissiyaların azaldılmasına və iqlim təsirlərinə uyğunlaşmasına yönəlmiş birgə addımları ətraf mühitdəki dəyişikliklərin dağıdıcı nəticələrinin qarşısını ala bilər.
Roll xatırladıb ki NDC-lər dövlətlərin uzunmüddətli iqlim məqsədləri üçün çərçivəni müəyyənləşdirir. Üstəlik, hər bir ölkə könüllülük əsasında və regionun spesifik təbii şəraitinə uyğun olaraq öz ekoloji məqsədlərini müəyyən edir.
UNEP-in nümayəndəsi deyib: “Dövlətlərin öz səyləri ilə yanaşı, ölkələr arasında fəal təcrübə mübadiləsi və əməkdaşlıq da vacibdir”. O, planetdə havanın temperaturunun 1,5 dərəcə Selsiyə qədər artmasının məhdudlaşdırılması məqsədinə nail olunmadığını xatırladıb.
Roll qeyd edib ki, dövlətlər iqlim dəyişikliyi ilə mübarizə üzrə 2020, 2025 və 2030-cu ilə qədər olan dövrlər üçün beşillik Milli Fəaliyyət Planları hazırlayıb: “Azərbaycanda keçiriləcək COP29 və Braziliyada təşkil olunacaq COP30 bizə ikinci beşillikdə NDC planlarının icrasının uğurunu qiymətləndirməyə imkan verəcək”.
UNEP-in təmsilçisi əmin olduğunu bildirib ki, onun təmsil etdiyi təşkilat iqlim dəyişikliyi ilə mübarizəyə bütün mümkün vasitələrlə, o cümlədən konsultasiya dəstəyi və hesabatların hazırlanması yolu ilə töhfə verməyə hazırdır.
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara