«UNİLEASİNG» ŞİRKƏTİ NÖVBƏTİ REGİONAL NÜMAYƏNDƏLİYİNİ AÇACAQDIR
“Unileasing” şirkətindən AZƏRTAC-a bildirmişlər ki, qurum regionların sosial-iqtisadi inkişafı Dövlət proqramına uyğun olaraq, bütün ölkə ərazisində tam çeşidli peşəkar lizinq xidmətlərinin göstərilməsi üçün respublikanın mərkəzi regionunda növbəti - beşinci bölməni açmağı planlaşdırır. Yeni nümayəndəliyin sayəsində kommersiya tipli daşınmaz əmlakın, tikinti, nəqliyyat, istehsalat və tibbi avadanlığın lizinqi kimi əlverişli, perspektivli maliyyə vasitəsi ən sərfəli şərtlərlə Aran iqtisadi zonasının və ətraf bölgələrin sahibkarları üçün əlçatan olacaqdır.
Hazırda şirkətin Gəncədə, Lənkəranda, Şəkidə və Qubada dörd regional bölməsi fəaliyyət göstərir. Regional bölmələr üzrə lizinq portfeli 5 milyon dollardan artıqdır.
«Unileasing» şirkəti həm təqdim edilən xidmətlər çeşidinin genişləndirilməsi, həm də müştərilərə göstərilən xidmətin keyfiyyətinin artırılması baxımından respublikanın regionlarında işləri davam etdirəcəkdir.